Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satmaqda şübhəli sayılan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunduğu bildirilir.
Bu barədə bu gün, iyulun 30-da Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “ƏSR” və “ARKAN TOUR” məhdud məsuliyyətlə cəmiyyətlərin (MMC) vəzifəli şəxslərinin hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Açıqlamaya görə, “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və qeyriləri ilə əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 şəxsin Gəncə Hava Limanından Rusiyaya getmələri üçün onların tibbi müayinədən keçmədən COVID-19 testinin nəticələrinə dair saxta sənədlər hazırlamasına şübhə yaranıb :
"Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib. Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. "
Amma bu məlumata, hələlik, Əsgər Bayramov, Tünzalə Əliyevaya, Seymur Mürsəlov və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5019-nun vəfat etdiyi bildirilib.