Saatlıda saxta əlilliyə görə cinayət işi açılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Əlillik niyə kütləvi ləğv olunur?

Saatlı Rayon Mərkəzi Xəstəxanasında (RMX) saxta əlillik dərəcəsinin verilməsi iddiası ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə bu gün, avqustun 4-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda Saatlı RMX-nın direktorunun müavini-baş həkim işləyən Adəm Əliyev və başqalarından bəhs edilir.

"... Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır", - məlumatda yazılıb.

Hələlik, bu məlumata baş həkim A.Əliyev və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən ilin sonlarından bu ilin ikinci rübünə qədər ölkədə 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. İndi bir sıra şikayətçilər də iddia edirlər ki, saxta əlillik dərəcəsinin ləğvi prosesində bəzən bu dərəcəyə haqqı olan şəxslərin də hüquqları pozulur.