Ukrayna separatçı bölgələrdə Rusiya əsgərlərinin olduğunu deyir

Ukraynanın SBU təhlükəsizlik xidməti bildirib ki, qurum şərqi Ukraynada separatçıların nəzarətində olan Sorokine (keçmiş adı Krasnodondur - red) məntəqəsində Rusiyanın silahlı qüvvələrinin olmasına dair şahid ifadəsi əldə edib.

Oktyabrın 8-də SBU bildirib ki, qurumun əks-kəşfiyyat agentləri Luhansk regionunda sözü gedən şahid ifadələrindən sonra xüsusi əməliyyat keçirib.

SBU-nun bəyanatında bildirilir ki, ifadə verən şəxs Kremlə bağlı separatçılara qoşulmasının səbəbi kimi çətin yaşayış şəraitini əsas gətirib.

Ukraynanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, sözü gedən şahid “Rusiyanın silahlı təcavüzünə” dair mühüm informasiya verib.

SBU bu adamın konkret cinayət törətmədiyini bildirir.

Rusiya Ukraynanın şərqindəki münaqişədə iştirak etdiyini cidd-cəhdlə danır.