'Azadlıq' qəzetinin əməkdaşı ölkədən çıxa bilmədiyindən şikayətlənir

Səadət Cahangir

"Azadlıq" qəzetinin əməkdaşı Səadət Cahangir ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib. O deyib ki, bu məlumatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə göndərdiyi sorğunun cavabından öyrənib: "Müalicə məqsədilə xarici ölkəyə getməyim üçün zərurət yaranıb. İki ay əvvəl, yanvarın 19-da Baş Prokurorluğa sorğu göndərərək ölkədən çıxışıma məhdudiyyət olub-olmadığını öyrənmək istədim".

Onun vurğulamasına görə, martın 10-da ona gələn cavab məktubundan bəlli olub ki, ölkədən çıxışına məhdudiyyət qoyulub: "2020-ci il mayın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı mənim evimdə axtarış aparılıb və altı saat Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsində şahid qismində dindirilmişəm. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb. Apellyasiya məhkəməsi martın 3-də mənim evimdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar".

S.Cahangir sonra da deyib: "Məcbur edirlər ki, hər işdən ötrü Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutaq. Mən bunu istəmirəm, əlaqədar şəxslər də istəmirlərsə, qısa vaxtda mənim ölkədən çıxışıma qoyulan məhdudiyyəti ləğv etsinlər".

S.Cahangir əlavə edib ki, problemin həlli üçün Baş prokuror Kamran Əliyevə teleqram vurub, Ombudsmana müraciət göndərib.

Bu açıqlamaya, hələlik, Baş Prokurorluq və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb. Baş Prokurorluğun Mətbuat xidməti "Amerikanın Səsi"nin sorğusuna bu qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun S.Cahangirə cavabını əsas gətirərək əlavə şərh verməyib.

Xatırlatma

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Qabil Məmmədov terror aktlarının hazırlanması məqsədilə N.Əhmədova pul göndərib. Q.Məmmədovun xarici ölkədə, Almaniyada yaşadığı ehtimal edilir. İstintaq orqanı Q.Məmmədovu hələ istintaqa cəlb etməyib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Q.Məmmədov da ittihamı yalanlayıb.

Hüquq müdafiəçiləri N.Əhmədovu siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.