Azərbaycanda seçicilərin sayı azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəfat edən şəxslərin adı seçici siyahısından niyə çıxarılmır? (Arxiv. 2019)

Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Bunu mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçicilərin 47.44 faizi kişi, 52.56 faizi isə qadındır.

Seçki Məcəlləsinin tələblərinə əsasən, Azərbaycanda hər ilin əvvəlindən etibarən daimi seçici siyahıları hazırlanmağa başlanılır. Siyahının rəsmi qurumların məlumatları əsasında məntəqə və dairə seçki komissiyalarında tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi bildirilir. Ötən il MSK iyunun 1-də ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 401 min 955 seçici daxil edildiyini açıqlamışdı. Qurum rəhbəri seçici sayında azalmanın səbəblərindən bəhs etməyib.

Azərbaycanda seçici siyahısı daim mübahisə mövzusuna çevrilib. MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşından yuxarı vətəndaşların sayı ilə bağlı açıqladığı məlumatlar üst-üstə düşmür.

Üstəlik, artıq əhali sayında da azalma olduğu bildirilir. DSK 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 10 milyon 127 min 145 şəxsin olduğunu açıqlayıb. Bir il əvvəl isə bu rəqəm rəsmi olaraq 10 milyon 156 min 366 nəfər açıqlanmışdı.

Rəsmi qurumlar bunun detallı səbəblərini bildirmir, azalmanı yalnız 2019-cu ilin siyahıyaalması ilə izah edirlər. Amma azalmanın məhz 2023-cü ildən başlanmasına aydınlıq gətirilmir.

DSK ötən il ölkədə ölüm sayının da azaldığını, doğuşun isə artdığını bildirir.