Azərbaycanda yenə seçici sayında azalma var

Sizin brauzer HTML5-i dəstəkləmir

Rayon qeydiyyatlı seçicilər Bakıda səs verir (2020)

Azərbaycanda hazırda səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var. Bunu bu gün, mayın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun rəhbəri Məzahir Pənahov deyib.

Halbuki bu ilin fevralında, növbədənkənar (7 fevral) prezident seçkisindən əvvəl Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfər açıqlanmışdı.

Ötən ilin mayında isə Pənahov bildirirdi ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var.

Qurum seçici sayında belə azalma, artım və təkrar azalmanın səbəblərini izah etmir.

Üstəlik, MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşından yuxarı vətəndaşların sayı ilə bağlı açıqladığı məlumatlar da üst-üstə düşmür. Fərq təqribən 1 milyon civarındadır.

Hər iki dövlət qurumu özünün rəqəminin doğru olduğunu bəyan edib.

Hökumət bununla bağlı hər hansı rəsmi izahat verməyib. Müstəqil seçki müşahidəçilərinin sözlərinə görə, bu, Azərbaycanda tam şəffaflığın olmamasının göstəricidir və pozuntulara imkan tanıyır.