Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Bunu mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib. Bu rəqəmə görə, son bir ildə ölkədə seçici sayı azalıb. Ötən il iyunun 1-də MSK ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 401 min 955 seçici daxil edildiyini açıqlamışdı.
Əhali sayında da azalma olduğu bildirilir. Dövlət Statistika Komitəsi (DSK) bildirib ki, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 10 milyon 127 min 145 şəxs olub. Bir il əvvəl isə bu rəqəm rəsmi olaraq 10 milyon 156 min 366 nəfər açıqlanmışdı. Hərçənd DSK-nin məlumatına görə, ötən il doğum artıb, ölüm isə azalıb.
İndi rəsmi qurumlar əhali və seçici sayında azalmanın detallı səbəblərini bildirmirlər. Əhalinin sayında azalma hakimiyyətə yaxın media orqanlarında 2019-cu ilin yeni qaydada siyahıyaalması ilə izah edilib. Amma azalmanın məhz 2023-cü ildən başlanmasına aydınlıq gətirilmir.
Buna da bax: Etnik azlıqlar necə hesablanıb. 'İmtahan verəcəkdim, qorxumdan 'azərbaycanlı' kimi göstərdim'Seçici siyahısı necə hazırlanır…
MSK-dan "Turan"a bildirildiyinə görə, siyahı müvafiq icra hakimiyyəti, bələdiyyə orqanları və hərbi hissə komandirlərinin təqdim etdikləri məlumatlar əsasında tərtib olunur. Vurğulanıb ki, siyahıların hazırlanıb dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub, proses boyunca Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və bir çox başqa rəsmi qurumlarla əməkdaşlıq edilib: "Bu müddət ərzində MSK-nın 115 Qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı daim seçicilərin ixtiyarında olub".
Amma MSK-dan seçicilərin sayının azalması ilə bağlı hər hansı açıqlama verilməyib. Bu mövzuda DSK ilə də danışmaq mümkün olmayıb.
"İddialardan biri odur ki…"
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda seçicilərin siyahısının hazırlanması Seçki Məcəlləsi ilə tənzimlənir. Amma onun fikrincə, bu mexanizminin icrası ilə bağlı şübhələr var.
A.Məmmədli hesab edir ki, öncə DSK-nın siyahıyaalma prosesinə diqqət verilməlidir: "Onunla bağlı da müxtəlif iddialar var. Bu iddialardan biri odur ki, ölkəni xeyli sayda tərk edən adamlar var ki, onların adlarını hələ də siyahıyaalmada qeyd edirlər. Bunun bir tənzimlənməsi olmalıdır".
DSK-nın açıqlamasına görə, ölkədə 18 yaşından yuxarı şəxslərin sayı MSK-nın seçici sayından təqribən bir milyon çoxdur. Amma hansı rəqəmin həqiqətə daha yaxın olduğu rəsmi qaydada aydınlaşdırılmayıb.
Buna da bax: İki vətəndaşlığı olanlar niyə sənədlərini yeniləyə bilmirlər"Aydınlıq gətirilməlidir"
A.Məmmədlinin sözlərinə görə, ehtimal var ki, artıq bir milyon ölkəni tərk etmiş insanlardır: "Amma buna bir aydınlıq gətirilməlidir. Şəxsən mən ölkədə 6 milyon seçicinin olmasını praktiki olaraq təsəvvür edə bilmirəm. Azalma ilə bağlı proses Dövlət Statistika Komitəsi ilə bağlıdır. Orada azalma olanda o, seçici siyahılarına da təsir edir".
QHT rəhbəri hesab edir ki, həm əhalinin siyahıyaalınması, həm də seçici siyahıları şəffaf və dünya standartlarına uyğun şəkildə yenidən tərtib edilməlidir.