Seçki boykotu niyə yaxşı ideya deyil?

Arxiv fotosu: Bakıda seçki məntəqələrindən birində səslər sayılır, 9 oktyabr 2013

ABŞ-ın tanınmış politoloqlarından Matthew Frankel yazır ki, avtoritar rejimlərdə seçkinin boykotu müxalifətin yeganə aləti olsa da, faydalı nəticə vermir

.

ABŞ-ın tanınmış politoloqlarından Matthew Frankel özünün geniş tədqiqat işi olan “Qorxut, amma iştirak et və ya seçki boykotları niyə pis ideyadır?” analizində öz sualına birmənalı cavab verib.

171 seçkinin analizi göstərib ki, boykot yalnız bir-iki nadir halda bəhrə verib

Sünni və şiə məzhəbləri boyunca parçalanmış İraqda və siyasi bərabərsizliyin hökm sürdüyü başqa ölkələrdə seçkiləri dəfələrlə yaxından izləmiş alim deyir ki, “iştirak etmədən qalib gəlmək mümkün deyil”.

Onun hesablamasına görə 1990 və 2009-cu illər arasında boykotla hədələnmiş və ya elə boykot edilmiş 171 seçkinin analizi göstərib ki, boykot yalnız bir-iki nadir halda bəhrə verib.

Frankel yazır ki, boykot rəqib tərəfi danışıqlara çəkmək üçün hədə kimi praktik alət ola bilər.

“Belə də olur ki, - yazır politoloq, - müxalifət seçkidə iştirakından gözləmədiyi nəticələri qazanır”.

Məqalədə deyilir ki, seçki boykotları Soyuq Müharibədən sonrakı yeni demokratiyalarda daha tez-tez müşahidə edilib.

Azərbaycanda 2003-cü il boykotu və ABŞ

Bu da vurğulanır ki, boykota adətən seçki qanunlarının hakim partiyaların xeyrinə işlədiyi, ədalətli seçki mühitinin olmadığı ölkələrdə əl atırlar. Bundan bir məqsəd də beynəlxalq ictimaiyyətin diqqətini bu adələtsizliklərə, geniş mənada hakimiyyətin legitimliyi məsələsinə çəkməkdir.

Lakin tarix göstərir ki, çox nadir hallar nəzərə alınmamaqla, bu fənd real həyatda işləmir.

Müxalifətin bir qismi seçkini boykot etsə də Azərbaycanda keçmiş prezident Heydər Əliyev (sağda) hakimiyyəti oğlu İlham Əliyevə ötürə bilib.

Boykotun nəticəsində hakim partiyalar istədiyini sərbəst şəkildə edir, çoxluq qazanır və hakimiyyətdə qalır. Müxalifətin ümid etdiyi beynəlxalq təzyiq isə ya olmur, ya da zəif olur və heç nəyi dəyişmir.

Məqalədə göstərilir ki, Efiopiyada, Malidə və Azərbaycanda belə boykotlardan istifadə edilib.

Frankel yazır ki, 2003-cü ildə Azərbaycan müxalifətinin bir qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə İlham Əliyevi qalib kimi tanımalarına mane olmadı.

Efiopiya, Mali, Qana və Azərbaycan…nədir ki?

Frankel-in fikrincə, dünya səhnəsində Efiopiya, Mali, Qana və Azərbaycan elə də mühüm ölkə deyillər ki, bunlarda keçirilən seçkilər beynəlxalq diqqətə səbəb olsun. O yazır ki, “əksinə daha böyük geostrateji əhəmiyyətə malik ölkələrdə boykot güclü danışıq aləti ola bilər”.

Cənubi Afrika Respublikasında 1994-cü ilin seçkisi buna misaldır.

Boykota və həftələrlə davam edən seçki sonrası etirazlara baxmayaraq, Birləşmiş Ştatlar bu seçkinin nəticələrini tanıyıb

Bu seçkidə Nelson Mandelanın partiyasının seçkidə qələbə qazanacağı aşkar gözlənilsə də, o seçkilərdə təmsilçiliyin təmin edilməsi üçün istər daxildən, istərsə də xaricdən təzyiq altında idi.

Nəticədə müxalifət bu seçkini ümumən uduzsa da, ölkənin elə müəyyən rayonlarında uğur qazandı ki, hakimiyyət onunla hesablaşmalı oldu, bir sıra seçki qanunvericiliyi güzəştlərinə getdi.

1998-ci ildə Kambocada 4 müxalifət partiyası şahzadə Norodom Ranariddh-in seçkidə iştirakına nail olmaq üçün boykota çağırdı və yeni Hun Sen rejimi güzəştə getməyə məcbur oldu, çünki beynəlxalq birlik bu seçkinin nəticələrini tanımasa, hökumət Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun kreditlərini ala bilməyəcəkdi.

Bu seçkinin nəticəsində Ranarridh hətta parlamentin spikeri oldu.

Məğlubiyyətdən daha ağır

Lakin bunlar dünya birliyi üçün az-çox əhəmiyyəti olan seçkilər idi, qalan bütün hallarda isə boykot həmişə ona çağıranın məğlubiyyəti ilə bitib.

Matthew Frankel qeyd edir ki, boykot bir çox hallarda müxalifət üçün məğlubiyyətdən də ağır nəticələrə səbəb olur. Belə ki, hakimiyyət möhkəmlənir, elektoratın müxalifətə etimadi sarsılır, o parçalanaraq zəifləyir.

Boykotun ən ağır nəticələrindən biri də hakimiyyətdə olan partiyaların güclənməsi və sərbəstləşməsi olur

Boykotun ən ağır nəticələrindən biri də hakimiyyətdə olan partiyaların güclənməsi və sərbəstləşməsi olur. Parlamentlərdəki əksəriyyət çoxluğu onlara istədikləri konstitusiya dəyişikliyini həyata keçirmək imkanı verir. Bu dəyişikliklərdən hakimiyyət öz yerini daha da gücləndirmək üçün faydalanır.

Məsələn Toqoda müxalif Dəyişiklik Qüvvələri İttifaqı 2002-ci ilin parlament seçkilərini, seçki qanunun ədalətsizliyinə görə boykot etmişdi. Nəticədə hakim Toqo Xalq Partiyası yerlərin 90 faizinə sahib oldu və konstitusiya dəyişikliyi edərək prezidentlik müddətləri üzərindəki məhdudiyyəti qaldırdı.

Düzgün aparılmayan boykot

Matthew Frankel-in araşdırmasında Azərbaycana qonşu İrandakı 2005-ci il prezident seçkiləri və 2004-cü il parlament seçkiləri məsələsinə də toxunulur.

Qeyd olunur ki, müxalifət 2004-cü il seçkilərini qismən boykot etmiş, parlament çoxluğunu itirmişdi. Prezident seçkiləri zamanı isə müxalifət yenə də boykotla qorxutmuş, namizədlərini geri çəkəcəyini bildirmişdi. Bu məqamda İranın Nəzarət Şurası güzəştə getmiş, tanınmış islahatpərəst Mustafa Moinin və Mühsin Mehrəlizadənin namizədliyini bərpa etmişdi.

Arxiv fotosu: Tehranda seçki məntəqələrindən biri, 14 iyun 2013

Lakin elə bu vaxt islahatpərəst cəbhədəki bəzi qüvvələr, xüsusilə də tələbələr boykotun davam etdirilməsinə çağırmışdılar. Sonda gözlənildiyindən də pis nəticə alınmış, səslər Moin, Mehrəlizadə və Kərrubi arasında parçalanmışdı, bu parçalanmadan da Mahmud Əhmədinejad qalib çıxmışdı. Kərrubi ilə onun arasındakı səs fərqi cəmi 600 min nəfər idi.

Frankel yazır ki, boykot əvəzinə seçkidə iştirak bəzən də gözlənilməz nəticələr verir. Məsələn, 1997-ci ildə İslami Hərəkət Cəbhəsi İordaniya parlamentindəki 80 mandatdan 16-na sahib idi. Lakin partiya həmin il keçirilən seçkiləri boykot etdi. Onlar seçki qanuna edilmiş dəyişikliyin əleyhinə çıxmışdıar. Nəticə etibarilə onlar sahib olduqları yerləri də itirdilər.

Lakin İHC 2003-cü ildə keçirilmiş seçkilərdə iştirak etdi və 17 mandat qazandı, halbuki seçki qanununa edilmiş dəyişiklik qüvvədə saxlanmışdı.

Avtoritar rejimlərdə boykot lap xeyirsizdir

Matthew Frankel qeyd edir ki, avtoritar rejimlərin hakim olduqları ölkələrdə iştirak və boykot nəticə etibarilə elə də fərq etmir.

Belə seçkilərdə kobud qanun pozuntuları, kütləvi saxtalaşdırmalar baş verir. Üstəlik müxalifətin iştirakı seçkilərə bir növ legitimlik vermiş olur. İştirak etməmək isə hakim partiyanı möhkəmləndirir. Bu mənada iştirak etməmək seçkinin legitimlikdən məhrum edə bilər, lakin nəticəni dəyişə bilməz.

Politoloq qeyd edir ki, avtoritar rejimlərdə müxalifətin faydalanacağı çox az məqamlar var, lakin qətiyyətlə demək olar ki, boykot bunlardan biri deyil. Belə ki boykot avtoritar rejimlərə seçkilərdə daha inamlı qələbə qazandırır.

Politoloq razılaşır ki, avtoritar rejimlərdə müxalifət tərəfindən seçkini boykot və ya seçkidə iştirak elə də böyük fərq etmir.

Bu da var ki, bəzən boykotun yaratdığı pat vəziyyətindəki boşluğu hərbi xuntalar doldurur.

Matthew Frankel razılaşır ki, belə rejimlərdə boykotun işləməsi üçün iki amilin olması mühümdür: Müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq icmanın təzyiqləri.