Tezliklə siyasi məhbus kimi tanınan şəxslər azadlığa buraxılır, siyasi motivli həbslər aparılmır, jurnalistlər daxili senzura qorxusundan qurtulublar, vətəndaş cəmiyyəti 2000-ci illərin əvvəlindəki kimi fəaldır, siyasi müxalifət meydanlarda hakimiyyətin fəaliyyətini tənqid edir, etirazlara, tənqidlərə görə kiməsə «gözün üstdə qaşın var» deyilmir… Mümkündürmü?
Növbəti 7 ildə ölkəni idarə etməli olacaq İlham Əliyev, bəzi müşahidəçilərin fikrincə, indi daha arxayın, yerini bir az da möhkəmlətmiş görünür. Bu arxayınlıq onun daxili siyasəti yumşaltmasına, basqıları azaltmasına imkan verə bilərmi? Ölkədə vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının təminatı sahəsində hansısa dəyişiklik gözləməyə dəyərmi? Yoxsa, «Freedom House» beynəlxalq insan haqları təşkilatının hesabatında dediyi kimi, hakimiyyət daha beynəlxalq təzyiqləri də saya salmayacaq? Gözlənti nədir?
Azərbaycanda rəyini soruşduğumuz təhlilçilərdən optimist olanı da var, pessimist düşünəni də.
Ş.Hacıyev: «Sözdə hər şeyə təminat veriləcək…»
«Dövlətin siyasi xətti dəyişmirsə, bu o deməkdir ki, dəyişiklik gözləmək düzgün deyil. İndiyə qədər sınaqdan çıxmış, istifadə edilmiş sxem, sistem üzrə hərəkət edəcəklər», – siyasi şərhçi Şahin Hacıyev deyir:
«Yəni sözdə hər şeyə təminat veriləcək, ancaq indiyə qədər necə olub, o cür də davam edəcək. Yəni hakimiyyəti ciddi şəkildə tənqid edənlər yenə təzyiq altında qalacaqlar, yenə kimisə həbs edəcəklər, ciddi dəyişiklik gözləmək mümkün deyil».
A.Abdullayeva: «Staqnasiya olacaq»
Hüquq müdafiəçisi Arzu Abdullayeva növbəti 7 ildən gözləntilərindən danışmazdan öncə ötən 5 ilə baxır: «Keçən prezidentlik müddətində vətəndaş cəmiyyəti üçün bir yaxşılıq olmamışdı. Əksinə, gözlənilmədən, bilinməyən səbəbdən vətəndaş cəmiyyətinə təzyiqlər edildi və vəziyyət pisləşdi. Vətəndaş cəmiyyəti üzvlərinin təqibi, həbsləri başladı, eyni zamanda, maliyyə dəstəyi məhdudlaşdı. Bu da cəmiyyətə çox pis təsir etdi. Regionda işləmək mümkün olmadı. Vətəndaşlar demokratik inkişafdan uzaqlaşdılar. Bu da bizi inkişaf baxımından çox geriyə çəkdi».
Qaldı ki, gözləntilərə, A.Abdullayeva optimist deyil, o, ciddi dəyişikliklər gözləmir, növbəti müddətdə vəziyyətin olduğu kimi qorunub saxlanacağını güman edir.
«Yəqin staqnasiya olacaq. Mən vəziyyətin pisləşməsini də gözləmirəm. Çünki buna əsas yoxdur. Staqnasiya olacaq və bu davam edəcək», – hüquq müdafiəçisi söyləyir.
«Bircə siyasi məhbusların azadlığa çıxmasını gözləyirəm»
Hərçənd, A.Abdullayeva siyasi məhbuslarla bağlı yumşalma olacağını düşünür. Səbəbini də belə izah edir: «Onların saxlanılmasına, bu münasibətin davam etdirilməsinə əsas yoxdur. Cəmiyyətdə inqilabi ab-hava duyulmur. Bu da yeni siyasi məhbusların yaranmasına rəvac vermir. Əlbəttə, təzyiqlər də olacaq, bu da vətəndaşları qorxutmaq, onların fəaliyyətini məhdudlaşdırmaq üçün olacaq. Başqa bir şeyi gözləmirəm. Bircə, siyasi məhbusların tədricən azadlığa buraxılmasını gözləyirəm».
A.Abdullayevaya görə, özünə çox güvənən iqtidar artıq heç kimi dinləmir.
M.Əliyev: «Deməzdim İlham Əliyev rahatdır, arxayındır»
«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyevsə İ.Əliyev hakimiyyətinin arxayınlaşması haqda fikirləri qəbul etmir: «2016-cı ildə Konstitusiyaya dəyişikliklər, öz həyat yoldaşını Birinci vitse-prezident təyin etməsi, seçkilərin vaxtından əvvəl keçirilməsi daha çox narahatlıqdan xəbər verir. Ona görə deməzdim ki, rahatdır, arxayındır və s…».
«Demokratiya, insan haqları məsələsi gündəmdədir»
Onun sözlərinə görə, indiki halda dəyişikliklərə getmək «kart-blanş»dır: «Vəziyyət qənaətbəxş deyil, həm iqtisadi baxımdan, həm də cəmiyyətdəki gərginlik baxımından... Məncə, bu addımlar atılır ki, islahatlar tezləşdirilsin. Bu mənada insan haqları və demokratiya məsələləri gündəmdədir. Avropa Birliyi, Avropa Şurası onu təbrik etməklə demək istəyirdi ki, biz məhz bu sahədə əməkdaşlıq edəcəyimizi, addım atacağınızı gözləyirik. Bu da onu göstərir ki, Qərblə danışıqlarda bu məsələlər prioritet təşkil edəcək».
M.Əliyevin qənaətincə, yaxın zamanda insan haqları sahəsində müsbət addımların atılması mümkündür. O, 2014-cü ildə vətəndaş cəmiyyətinə göstərilən basqıların nəticə vermədiyini düşünür: «O mənada ki, hakimiyyət böhrana düşdü. Hakimiyyət ölkədə dəyişiklik olmayacağını bildirmək istəyirdi, ancaq iqtisadi böhran onun təzyiqlərini mənasızlaşdırdı. Tutalım, ənənəvi medianın sıxışdırılması nə verdi? Sosial medianın inkişafı göstərdi ki, bu addım da səhvdir. Sıxışdırma gərginliyə, söyüşlərə, təhqirlərə, kompromatlara gətirib çıxardı. Məncə, hakimiyyət artıq bunu başa düşür və buna görə də dəyişikliyə getməlidir».
Ancaq «Turan»ın direktoru bunu da xüsusi vurğulayır ki, dəyişiklikləri hakimiyyət istəmir, sadəcə, vəziyyət onu dəyişikliyə məcbur edir və islahatlar qaçılmazdır, üstəlik də Qərb bu tələbləri gündəmə gətirir: «Demişəm, bu, razılaşdırılmış seçki idi. Qərb üçün texniki baxımdan seçkinin keçirilərək daha sonra addımların atılması daha önəmlidir. Onlar seçkilərə göz yumurlar. Başlıca məsələ seçkidən sonrakı dəyişikliklərdir».
«Zaman nəyi tələb edirsə...»
Hakimiyyət nümayəndələri ölkədə insan haqlarının pozulmasıyla bağlı iradları, tənqidləri qəbul etməsələr də, mümkün dəyişikliklər, islahatlar barədə danışmağa da meylli görünmürlər. Milli Məclisin sədr müavini Bahar Muradova seçki günü AzadlıqRadiosu-na demişdi: «İslahatlar birdəfəlik atılan addım deyil. Zaman, ictimai-siyasi durum, Azərbaycanın maraqları nəyi tələb edirsə, o istiqamətdə islahatlar gedib və bundan sonra da gedəcək. Bundan sonra biz davamlı yanaşmanın şahidi olacağıq».
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bir qədər öncə AzadlıqRadiosu-na yeni hakimiyyətdən «məntiqli, düşünülmüş, təhlil edilmiş» islahatlar gözlədiyini bildirmişdi.