Namizəd: "Məlumat hazırladıq, amma bilmədik hara göndərək"

Bakıda seçki məntəqələrindən biri.

.

Azər Qasımlı

“Press-reliz hazırlamışdıq, amma bilmirdik kimə verək?” Bunu REAL-çı, deputatlığa namizəd Azər Qasımov AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, bu dəfəki seçki prosesində müstəqil QHT-lərin və jurnalistlərin prosesi izləməməsi hiss olunub.

Azər Qaslmlı deyir ki, onlar seçki prosesini izləmək üçün müşahidəçilərdən yox, məşvərətçi səs hüququ olan şəxslərdən istifadə ediblər:

“Çünki məşvərətçilərin hüquqları müşahidəçilərdən daha çoxdur. Qanuna görə müşahidədə, səs saymada daha yaxından iştirak edə bilirlər. Buna baxmayaraq, məntəqələrdə bizim məşvərətçilərə işləməyə heç bir şərait yaratmayıblar. Bir məşvərətçimizi, bir vəkilimizi polis saxladı, sonra buraxdı. Məntəqə seçki komissiyasının üzvləri ilə birgə digər namizədlərin müşahidəçiləri məşvərətçilərə işləməyə imkan vermirdi”.

İlhamiyyə Rzayeva

Hacıleylək kimi başını uzatmamalısan...

Deputatlığa digər namizəd İlhamiyyə Rzayevanin vəkili İlhamə Novruzova AzadlıqRadiosuna bildirib ki, müşahidəçilərə seçki prosesini izləməkdə maneələr yaradılıb:

“Müşahidəçilərə yer tapılmır, onlar ayaq üstə qalıb. Məntəqəyə gələn avropalı müşahidəçilərin yanında məntəqə seçki komissiyasının sədri söz verdi ki, müşahidəçiləri harda urəkləri istəyir, otuzduracaqlar. Necə yəni harda ürəkləri istəyir, otuzduracaqlar? Müşahidəçi üçün xüsusi yer nəzərdə tutulmalıdır ki, ordan bütün seçki prosesini izləyə bilsinlər. Daha hacıleylək kimi başını uzatmamalısan ki, görəsən, orda nə baş verir?”

Akif Qurbanov

Məntəqədən uzaqlaşdırılan, polisin saxladığı müşahidəçilər...

Seçki günü müşahidəçilərin məntəqələrdən uzaqlaşdırılması, əraziyə nəzarət edən polis tərəfindən saxlanması kimi hallarla bağlı çoxsaylı şikayətlər sosial şəbəkələrdən düşmədi. Amma eyni zamanda deputatlığa namizədlərin müşahidəçiləri seçkidən canlı-canlı “reportaj verməkdə” aktivlik göstərdilər.

Seçki məsələləri üzrə ekspertlərin rəyinə görə, “bu seçkidəki qanun pozuntularının səsinin çıxmayacağı ehtimalı” çox idi. Çünki əvvəlki seçkiləri bir çox QHT yüzlərlə müşahidəçisi ilə izləyirdi.

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov AzadlıqRadiosuna müsahibəsində deyir ki, əvvəllər seçkini izləmək “yükü” seçkiyə qoşulan siyasi partiyaların, müstəqil medianın, qeyri-hökumət təşkilatlarının çiyninə düşürdü:

“Əvvəllər daha çox aktivlik vardı, prosesdə daha çox iştirakçı vardı. ATƏT-in müşahidə missiyasının olması yerli müşahidəçilər üçün əlavə stimul idi və prosesdə daha aktiv olmasına imkan yaradırdı”.

Bu, statistika üçün lazım idi

Akif Qurbanovun fikrincə, bəzi dairələrdə müşahidəçilərinin fəallığı olsa da, müşahidəçilik institutu daha çox formal xarakter daşımağa başlayıb:

“Ölkə miqyasında 64 mindən çox müşahidəçinin qeydiyyatdan keçməsi daha çox statistikaya hesablanır. ATƏT-in 400 müşahidəçisini say baxımdan mübahisə predmetinə çevirdilər, amma 500-ə qədər xarici müşahidəçi dəvət elədilər. Bu da statistika üçün lazım idi”.

Nazim Mammadov

Seçki protokollarını gözləyirik

Ancaq bəzi namizədlər hesab edir ki, müşahidəçiləri aktiv olub. Deputatlığa namizəd Nazim Məmmədovun seçki qərargahından AzadlıqRadiosuna bildirib ki, onlar seçki prosesinə təlimat görmüş müşahidəçi cəlb edə biliblər:

“3-4 seçkidə iştirak edən müşahidəçilərdir. Seçki protokolları açıqlanandan sonra əlimizdə olan video-görüntüləri, səs yazılarını yayacayıq”.

Məzahir Pənahov

Müşahidəçi səlahiyyətini aşmamalıdır

“Müşahidəçilər hansısa bir nöqsanı gizli saxlamamalıdır. Müşahidəçilər hər hansı xoşagəlməz hal olarkən onu dəqiq qeyd etməlidir. Çünki istənilən xoşagəlməz hal rəsmiləşdirilməli və aradan qaldırılmalıdır”. Bunu isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidəçilərin seçkiləri əvvəldən axıra qədər izləmək hüququ var, ancaq:

"Bəzi hallarda müşahidəçilər seçki komissiyalarının fəaliyyətinə müdaxilə edirlər. Müşahidəçinin belə bir hüququ yoxdur. Əgər müşahidəçi qanuna zidd hal görürsə, bununla bağlı daha yuxarı seçki komissiyasına məlumat verməlidir. Ancaq səlahiyyətlərini aşaraq seçki komissiyasının işinə müdaxilə etməməlidir".

Son 2 ildə Azərbaycanda bir sıra müstəqil media qurumlarına təzyiqlər artıb, onlarla hüquq müdafiəçisi, jurnalist, bloqqer, siyasi fəal həbs olunub. Onların sırasında seçki prosesinin monitorinqi ilə məşğul olanlar da var. Yerli və beynəlxalq müşahidəçilər bu şəxslərin siyasi motivlərlə saxlandığını desə də, hakimiyyət bu arqumentləri qəbul etmir.