Trump 2016-cı ilə lider namizəd kimi gedir

Donald Trump

“Trump-dan başqa hansı daha yaxşıdır” sorğusunda Cruz 25 faizlə birinci yerdədir. Onun ardınca Rubio (16 faiz) və Carson (13 faiz) gəlirlər.

Donald Trump Amerika prezidenti seçkiləri üçün respublikaçı namizədlər arasındakı liderliyini 2015-in son günlərində də əldən verməyib.

Ondan xeyli geridə qalsa da, aşkar ikincilik Texas senatoru Ted Cruz-dadır.

CNN/ORC-nin ən son rəy sorğularına görə Trump 39, Cruz 18 faiz dəstəyə malikdirlər.

Trump ötən iyulda liderliyi ələ alandan bəri respublikaçlı namizədliyə namizədlər arasındakı birinciliyini qoruyub saxlaya bilib.

Senator Ted Cruz

Digər namizədlər - senatorlar Ben Carson və Marco Rubio hərəsi 10 faiz dəstək qazana biliblər.

Başqa agentliklər tərəfindən aparılan rəy sorğularında namizədlər arasındakı dəstək fərqi müxtəlif olsa da, orta hesabla Donald Trump rəqiblərindən 16 faiz irəlidədir.

CNN/ORC sorğusu dekabrın 15-də CNN və Facebook-da aparılmış canlı debatın ardınca keçirilib. Bu debatları izləyən respublikaçı seçicilərin 33 faizi Trump-dan razı qalıb.

Cruz 28, Rubio 13, Chris Christie 6 faiz dəstək qazanıblar. Keçmiş prezidentlərin oğlu və qardaşı Jeb Bush-un dəstəiy cəmi 1 faiz olub.

Namizədlər “ələnir”

İndi artıq hər 10 respublikaçı seçicidən 6-sı qarşıdan gələn seçkidə bir və ya iki namizədi özü üçün müəyyən edib.

Respondentlərin 62 faizi hesab edir ki, Cruz prezident olmaq üçün daha yaxşı təcrübəyə malikdir. Bu rəqəm Trump üçün 57, Rubio üçün 53-dür

Respublikaçı elektoratın 77 faizi prezidentliyə namizədi Trump, Cruz, Carson və ya Rubio-da görür.

Trump bu namizəd yarışında ölkəni maraqlandıran əsas sahələr üzrə tələblərə daha yaxşı cavab verir.

İqtisadiyyat məsələrinə münasibətdə Trump-ı rəy bildirən seçicilərin 57 faizi dəstəkləyir.

Bu məsələdə ondan sonra gələn ikinci namizəd Cruz-un göstəricisi 8 faizdir.

Başqa məsələlərlə bağlı da Trump xeyli üstün mövqedədir. Onun qanunsuz miqrasiyaya münasibətini rəyçilərin 55, (Cruz 15, Rubio 10), İŞİD-lə bağlı fikirlərini onların 47 faizi (Cruz 21) dəstəkləyir.

Partiya artıq Trump-ı ciddi qəbul edir

Mətbuat yazır ki, Respublikaçılar Partiyası Nyu York mülkiyyət maqnatının ən yaxşı partiya namizədi olduğu barədə getdikcə daha real düşünür.

Bütünlükdə respublikaçı elektoratın 46 faizi düşünür ki, Trump prezident kürsüsünü qazanmaq üçün ən yaxşı namizəddir. Respublikaçı elektoratın 50 faizi tamam başqa bir namizədin daha şanslı ola biləcəyi qənaətindədir.

Hələ avqust ayında Trumpın göstəricisi 38 faiz idi. Trump-ı birbaşa dəstəkləyənlərin 85 faizi onun prezidentlik uğrunda yarışı uda biləcəyini düşünür. Onu hazırda dəstəkləməyənlərin 21 faizi də bu qənaətdədir.

“Trump-dan başqa hansı daha yaxşıdır” sorğusunda Cruz 25 faizlə birinci yerdədir. Onun ardınca Rubio (16 faiz) və Carson (13 faiz) gəlirlər.

Cruz “sürət yığır”

Lakin bu Cruz-a ümid verə biləcək yeganə göstərici deyil. Bəzi təhlilçilər hesab edirlər ki, o namizəd yarışında hələki “sürət yığır”.

Onu dəstəkləyənlərin sayı sentyabrdakı 27 faizdən hazırda 45 faizə sıçrayıb.

Bundan başqa respublikaçı seçicilərin 62 faizi hesab edir ki, Cruz prezident olmaq üçün daha yaxşı təcrübəyə malikdir. Bu rəqəm Trump üçün 57, Rubio üçün 53-dür.

Elektoratın 66 faizi bu qənaətdədir ki, Cruz onların dəyərlərini daha yaxşı bölüşür. Trump-ın göstəricisi 63, Rubio-nunku 64 faizdir.

CNN/ORC rəy sorğusu dekabrın 17-21-də 1018 respondentin iştirakı ilə keçirilib.