ABŞ səfirliyi: ‘Əvəz cəsarət nümayiş etdirmişdi” 

Əvəz Şıxməmmədov aksiya zamanı

Əvəz Şıxməmmədov fevralın 22-də  Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətilə yetirilib

Bugün, fevralın 23-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Əvəz Şıxməmmədovla bağlı açıqlama yayıb.

Orada yazılır:

“Əvəz həm jurnalist, həm də ictimai fəal kimi öz fəaliyyətində böyük cəsarət nümayiş etdirmişdi”.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 22-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində Əvəz Şıxməmmədov qətilə yetirilib.

Həmin məlumatda iddia olunduğuna görə, onu 24 yaşlı əmisi oğlu Əmrulla Güləliyev bıçaqla qətlə yetirib.

Vurğulandığına görə, ilkin araşdırmalara əsasən Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Güləliyev istintaqa təhvil verilib.

Amma bu rəsmi açıqlamaya, hələlik, Güləliyevin vəkilindən və Ə. Şıxməmmədovun ailəsindən münasibət almaq mümkün olmayıb.

Əvəz Şıxməmmədov jurnalist fəaliyyəti göstərirdi.