►Elbrus Əlizadə: “Yetkililər sel haqda bilir, heç nə etmirlər”
Alim hökuməti xəbərdar etdiklərini, hökumət xəbərsiz olduğunu deyir
Avqustun sonu, sentyabrın əvvəlində Azərbaycanın bəzi çaylarında sel gözlənir.
Bu haqda AzadlıqRadiosuna Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, elmlər doktoru, professor Elbrus Əlizadə deyib.
O bununla bağlı artıq hökuməti məlumatlandırdıqlarını da bildirib: “Yetkililər bilirlər. Ancaq iş ondadır ki, bilirlər, heç nə etmirlər”.
Elbrus Əlizadənin sözlərinə görə, selin vura biləcəyi ziyanı azaltmaq məqsədilə qarşıdakı müddətdə çay dərələrini ötən illərin gətirmələrindən təmizləmək lazımdır, yataqların su ötürmək qabiliyyəti artırılmalıdır. Bundan başqa, mümkün olan yerlərdə selqoruyucu bəndlər, divarlar qurmaq lazımdır.
“İl daşqın və sel əmələ gəlməsinə, çox təəssüf ki, əlverişlidir”, – professor əlavə edir. Buna görə də hökuməti ehtiyatlı olmağa, tədbir görməyə çağırır:
“Selə qarşı qoruyucu tədbirləri Meliorasiya və Su Təsərrüfatı ASC, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri görürlər. Ən əsası odur ki, adlarını sadaladığım təşkilatlar dağ çaylarını mənimsəyərkən onların yatağında, subasarında və ya terraslarında istirahət obyektləri və ya başqa obyektlər tikilməsinə icazə verməməlidirlər. Çünki həmin çaylar sel təhlükəlidir, ya indi, ya bir-iki ildən sonra həmin obyektlərə böyük ziyan dəyəcək. Buna görə də ən başlıca iş çay yataqlarını mənimsəməməkdir, subasarını təmizləməkdir”.
APARAR SELLƏR ŞƏKİ- ZAQATALANI
Elbrus Əlizadə selin daha çox Şəki-Zaqatala zonasındakı çaylarda baş verəcəyini ehtimal edir. Amma az da olsa, sel təhlükəsi Gənc-Qazax zonasında və Naxçıvanda da gözlənilir. Professor hər şeyin yağıntının intensivliyindən asılı olacağını bildirir.
Buna da bax: Kiş sakini: “Elə bil kəndə bomba atıblar”
HÖKUMƏT XƏBƏRSİZ OLDUĞUNU DEYİR
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov AzadlıqRadiosuna deyib ki, çaylarda sel gözlənilməsi haqda onlarda heç bir məlumat yoxdur. “Belə bir şey gözlənilmir”, - Məmmədov əlavə edir.
Bununla belə, Cahan Məmmədov “narahatlığa əsas da görmür”, o, daim çaylarda sahilbərkitmə və təmizləmə işləri aparıldığını bildirir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov isə məzuniyyətdə olduğundan sualımızı iyulun 25-dən sonra cavablaya biləcək.
SEL DAŞQINDAN DA BETƏRDİRSƏ...
Altı il öncə Kür və Araz çaylarındakı daşqın nəticəsində Azərbaycanın 30-a yaxın rayonunda 20 mindən çox yaşayış binası, 110 min hektar əkin və örüş sahəsi su altında qalmışdı. Nəticədə sıravi vətəndaşlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris-təhsil ocaqlarına, infrastruktura böyük həcmdə ziyan dəymişdi. O zaman təbii fəlakətin bu qədər ağır ziyan vurması həm də çay yataqlarında vaxtlı-vaxtında təmizləmə işlərinin aparılmaması ilə izah edilmişdi. Hətta hökuməti tənqid edənlər “Daşan çayın yox, korrupsiyanın səviyyəsidir” demişdilər.
Professor Elbrus Əlizadə deyir ki, Azərbaycanın ən böyük çayı Kürdə bu il daşqın gözlənilmir. Amma dağ çaylarında sel gözlənilir. Professor xəbərdar edir:
“Daşqın su gətirir, selin isə, heç olmasa, üçdə biri süxurlardan, bərk materiallardan ibarətdir, onun dağıdıcı qüvvəsi daha böyükdür”.
“SELGÖTÜRMƏ QABİLİYYƏTİ NƏZƏRƏ ALINMIR”
Əlizadə bir məqamı isə xüsusi vurğulayır: çay yataqlarında yaşayış məntəqələri salınmamalıdır!
“Sel daha çox çay dərələrinin yaxınlığında, terraslarda yaşayış məntəqələrinə, əkin sahələrinə ziyan vurur. Çox təəssüf ki, bizdə də dağətəyi hissələrdə insanlar çayların gətirmə konuslarını, dərələri mənimsəyiblər. Selin vurduğu zərər o vaxt çox olur ki, insanlar dərələri mənimsəyirlər. Bir də sel insan tələfatına, mal-qaraya, yollara, körpülərə ziyan vurur. Körpülər tikilərkən çayın selgötürmə qabiliyyəti nəzərə alınmır və bu daha böyük ziyana səbəb olur”, - professor deyir.