İslamşünas alim: 'Bütün sələfilər eyni deyil'

Avropada sələfilər (arxiv fotosu)

Nina Käsehage ilahiyyatçı alimdir. Onun əsas sahəsi sələfilikdir. Käsehage Almaniyanın Rostok Universitetində dərs deyir. Müsəlman icmasında radikallaşmanın önlənməsi işinə töhfələrini verir.

İSLAMI QƏBUL ETMİŞ ALMANLARI DANIŞDIRIB

Nina Käsehage Avropadakı sələfilərlə 175 müsahibə aparıb. Bu, onun sələfilərin həyat və düşüncə tərzini dərindən anlamasına kömək edib. O, bütün sələfilərin bir toplum kimi nəzərdən keçirilməsinə təəssüflənir.

Buna da bax:​ Şeyxin səlahiyyətləri artırılır

Alim "Alman dalğası"na (Deutsche Welle) müsahibəsində Avropadakı sələfilərlə bağlı layihəyə necə başlamasından danışıb:

"Bu işə 2011-ci ildə Almaniyada islamı qəbul etmə hallarına dair sorğu keçirməklə başladım. Məqsədim islamı qəbul etmiş əsl alman vətəndaşlarından müsahibə almaq idi. İslamı qəbul etməyin eyni zamanda demokratiyadan uzaqlaşmaqla müşayiət olunduğu barədə düşüncəni dağıtmaq istəyirdim".

Bu sorğu Käsehageyə sələfilər arasında yaxşı tanışlar qazanmağa kömək edib. Həmin tanışlar onu Avropanın sələfi qrupları ilə əlaqələndiriblər.

Buna da bax: Prezident uzun saqqal və qısa şalvarı qadağan etməyə çağırdı

HÜCUMU XRİSTİAN TÖRƏDİBSƏ...

Käsehage islamçılıqla bağlı ilahiyyatçı alim Hamideh Mohagheghi ilə eyni fikirdə olduğunu deyir. O isə öz növbəsində hesab edir ki, bütöv dini onun azlıqda olan bir hissəsi ilə eyniləşdirmək düzgün deyil. Yəni, məsələn, islamçılığı radikal azlığın baxışları ilə eyniləşdirmək olmaz.

"Fikrimcə, islamçılığın hökumət tərəfindən formalaşdırılan təsviri böhtana meylli tendensiyadır. ...Bu, əksəriyyəti radikal düşünənlərlə əlaqəsi olmayan müsəlmanları hədəfləyir. Məsələn, hücumu bir xristian törədibsə, – bu isə ABŞ-da tez-tez baş verir, – onda xristianlıq müzakirə olunmur.

Heç də bütün sələfilər potensial olaraq zorakı deyillər. Bəs onları necə fərqləndirmək olar?

Buna da bax:​ Fransada seçki müsəlmanlar haqda referenduma çevrilib

10 MİNƏ QƏDƏR SƏLƏFİ

Almaniyanın daxili kəşfiyyat idarəsi olan Federal Mühafizə və Konstitusiya İdarəsi hesab edir ki, ölkənin sələfi icmasında 10 minə qədər adam var. Bu, Almaniyanın 3-4 milyonluq müsəlman icması ilə müqayisədə çox kiçik rəqəmdir.

Mən bu qrupu kobud şəkildə purist sələfilərə, siyasi və cihadçı sələfilərə bölürəm. Onların 2/3-yə qədəri siyasətdən uzaq puristlər və siyasi sələfilərdir. Ancaq 1/3-i potensial olaraq zorakıdır. Onlar zorakılığı dəstəkləyirlər.

Əlbəttə, sələfilik islamın sərt növüdür. Ancaq mən bütün qrupun bir toplum halında nəzərdən keçirilməsindən təəssüflənirəm. Danışdığım adamlar arasında özünü zorakılıq kontekstindən uzaqlaşdıran çoxlu sələfi və moizəçi var. Onlar cihadçıların təzyiqi altındadırlar. Təəssüf ki, sələfilərin arasında cihadçılığa qarşı hərəkat mediada gərəkən səviyyədə yaxşı işıqlandırılmır", – Käsehage deyir.

Buna da bax:​ İran seçkiləri: 5 arvadlı molla, qalstuklu və 3 yaşlı qız namizəd...

“BÖYÜK DƏYİŞİKLİK EDƏ BİLƏRSƏN”

Eyni zamanda radikallaşmaya qarşı fəaliyyət göstərən Käsehage çox sayda insanın Suriyaya getməsinin qarşısını alıb.

"Əsaslandırmaq bacarığın varsa, böyük dəyişiklik edə bilərsən. Sadəcə, gəlib kimisə mühakimə edəcəksənsə, onlar özlərini böhtana məruz qalmış kimi hiss edəcəklər. Radikallaşmanın qarşısının alınması da, radikalsızlaşdırma da uzunmüddətli proseslərdir. Çox hallarda uzunmüddətli proseslər siyasətçilərə maraqlı deyil. Onlar cəlbedici deyil və seçki kampaniyaları üçün yararsızdır. Düşünürəm ki, bu, təhlükələrdən biridir. Seçki kampaniyasını təhlükəsizlik məsələsi üzərində qurmaq heç də yaxşı fikir deyil. Qısamüddətli böhran tədbiri görə bilərsən, ancaq uzunmüddətli tədbirə, məsələn, radikalsızlaşdırmaya ehtiyac var", – alim deyir.

Buna da bax:​ Azərbaycan dini qadağaların 'ən yüksək' olduğu ölkələrdəndir

“PULLARI İRİ LAYİHƏLƏRƏ VERİRLƏR”

Almaniyanın ədliyyə naziri Hieko Maas radikallaşmanın önlənmə tədbirlərinin artırılması tərəfdarıdır. Alimin fikrincə, bu işi görən bir neçə yaxşı institut var. Ancaq təəssüf ki, onlara yetərincə vəsait ayrılmır.

"Apardığım tədqiqat bu icmanı yaxşı öyrənməyimə imkan verib. Bundan ehtiyacı olan insanlarla könüllü işimdə yararlana bilirəm. İnsanların ehtiyacı olanda onların yanındayam. Bu, insani borcdur. Ancaq əlimdə müəyyən məbləğdə vəsait olsa, mən komanda yaradaraq, kollektiv şəkildə daha çox şeyə nail ola bilərəm. Amma bu vəsait heç zaman kiçik təşkilatlara verilmir. Onların "uğur əmsalı" nə qədər yüksək olsa da. Bu pulları yalnız iri federal layihələrə verirlər. Belə layihələr də çox zaman təhlükəsizlik qurumları ilə bağlı təşkilatlara aid olur. Zərərçəkmiş adamlar bir tərəfə, onların valideynləri belə təhlükəsizlik sektoru ilə bağlı qurumlara yaxınlaşmaq istəmirlər. Ona görə də hökumət qurumları ilə əlaqələndirmə yanlışdır. Ancaq heç kəs bunu qəbul etmək istəmir", – Nina Käsehage deyir.