Səməd Seyidov: 'Üç istiqamətdə islahat aparılacaq'

Səməd Seyidov

«Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək».

Milli Məclisin üzvü Səməd Seyidov «Trend»ə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: «Referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız, görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur».

S.Seyidov deyir ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: «Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni - bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin».

Buna da bax-'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'

Deputata görə, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: «İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir». Deputat hesab edir ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda prezident İlham Əliyevin siyasətində öz əksini tapacaq.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsverməyə qatılım 69 faiz olub. Səs verənlərin əksəriyyəti Konstitusiyaya 23 dəyişikliyi və 6 əlavəni dəstəkləyiblər.

Referendum əleyhdarları düşünürlər ki, Konstitusiyaya dəyişikliklər qeyri-demokratikdir və ölkədə avtoritarlığı gücləndirəcək.