►Mal-qarası əlindən çıxan kəndli ailəsini dolandıra bilmir
“Ailəmi mal-heyvan saxlamaqla, əkin-biçinlə dolandırıram. İnəklərimin oğurlanmasından uzun müddət keçib, amma cinayətkar tapılmayıb. Mənə polis şöbəsində təzyiq göstərilir. Deyirlər, “ora-bura şikayət eləmə”. Guya Ağcabədi rayonunda 2-3 heyvan oğrusu həbs edilib. Mən nə bilim ki, heyvanlarımı həmin adamlar oğurlayıb, ya yox...”
2 ilə yaxındır ki, Biləsuvarın Səmədabad kəndinin sakini Əliyar Soltanovun fermasından oğurluq edilib. Ferma sahibi deyir, bu müddət ərzində Biləsuvar polisi cinayətin üstünü açmağa maraq göstərməyib:
“Altı baş iribuynuzlu heyvanım gedib, 5-6 min manat civarında zərərə düşmüşəm. Şikayətlərimin bir nəticəsi yoxdur. 2-ci qrup əliləm, əmək fəaliyyəti ilə məşğul olmaq imkanım yoxdur. Gözümü 5-6 inəyə dikmişəm, onların yolunu gözləyirəm”.
Biləsuvar rayon polis şöbəsi isə kəndlinin dedikləri ilə razılaşmır. Şöbədən “Qaynar xətt”ə bildirilib ki, bu yaxınlarda Ağcabədidə yaxalanmış oğru dəstəsinin əməlləri araşdırılarkən Əliyar Soltanova məxsus iribuynuzlu heyvanların da həmin dəstə üzvləri tərəfindən oğurlandığı üzə çıxıb. Ancaq Əliyar Soltanov daş atıb başını tutur ki, oğrular azadlıqda qalıb:
____________________________________________________________
Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]
____________________________________________________________
POLİS: “OĞRULAR TUTULUB”
“O adam özü də nə istədiyini bilmir. Ona dəfələrlə aydınlıq gətirilib ki, dəstə ifşa olunub, istintaq gedir, təkcə onun yox, Cəlilabaddan da bir neçə nəfərin mal-qarası həmin dəstə tərəfindən oğurlanıb. Həmin dəstənin üzvləri daha bir neçə rayonda da mal-qara oğurluğu ilə məşğul olublar”.
Əliyar Soltanov deyir, xeyli müddətdir ki, elə ona da bundan əlavə məlumat verilmir:
“Hər dəfə polis şöbəsinə gedəndə deyirlər, “tutmuşuq”. A kişi, tutmusunuzsa, hanı? Niyə ortada nəticə yoxdur? Oğru tutulubsa, niyə Biləsuvarda mal-qara oğurluğu hələ də davam edir? İnəyi gözdən qoymağa peşmansan, yoxa çıxır”.
Biləsuvar polisindənsə hazırda ilkin istintaqın Ağcabədidə aparıldığını deyirlər. Yaxın vaxtlarda Biləsuvar polisində də istintaq hərəkətləri aparılacaq. Tərəflər üzləşdiriləcək.