Demokrat senatorlar Ukraynaya görə İsrailə yardımı blokladılar

ABŞ Senatındakı demokratlar İsrailə hərbi yardıma dair qanun layihəsini bloklayıblar.

Xəbər verilir ki, buna səbəb həmin layihədə Ukraynaya hərbi yardımın nəzərdə tutulmaması idi.

Bundan əvvəl prezident Co Bayden bu qanun layihəsinə veto qoyacağını demişdi.

Ötən həftə Nümayəndələr Palatası sözü gedən qanun layihəsini qəbul etmişdi. Həmin qanun layihəsinə əsas etibarilə palatada çoxluğa malik respublikaçı millət vəkilləri səs vermişdilər.

Qanun layihəsində deyilir ki, Vaşinqton İsrailə 14, 3 milyard dollarlıq hərbi yardım göstərməli və bunun əvəzində vergi xidməti üçün ayırmaları azaltmalıdır.

Buna da bax: AzadlıqRadiosunun Rusiyada həbs olunmuş jurnalistinin əri onu siyasi məhbus sayır

Çəkişmə

Ötən oktyabrda prezident Bayden Konqresə 106 milyard dollarlıq fövqəladə xərclər paketi təqdim etmişdi.

Bu paketdə İsrailə, Ukraynaya və Tayvana yardımlar nəzərdə tutulurdu.

Noyabrın 7-də Senatdakı demokratlar bu təşəbbüslə Ukraynaya hərbi yardım göstərilməsinin əhəmiyyətini vurğulamışdılar.

Demokrat Petti Murrey deyib ki, ABŞ-ın Ukraynadakı partnyorlarının hərbi yardıma ehtiyacı onun İsraildəki partnyorlarının ehtiyacından heç də az təcili deyil.

Respublikaçı senator Rocer Marşal isə bildirib ki, yuxarı palata İsrailə yardımı gecikdirməməlidir.