Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin açıqlamasına görə, bu ilin birinci yarısında sənaye istehsalının artım tempinə görə Azərbaycan üzv ölkələrinin çoxundan geri qalır. Sənədə görə, hesabat dövründə MDB məkanında Rusiya və Belarusda sənaye istehsalı azalıb. Bu iki ölkəyə sanksiyalar tətbiq edilir. Digər ölkələrdə isə sənayedə artım müşahidə olunur.
Açıqlamaya görə, sənaye məhsulunun həcmi Tacikistanda 17.3, Qırğızıstanda 14.1, Ermənistanda 5.8, Özbəkistanda 5.1, Qazaxıstanda isə 3.5 faiz artıb. Azərbaycanda isə bu artım yalnız 2.1 faiz səviyyəsində göstərilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sənayedə inkişaf azalıb…
Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə də, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq (ötən ildən 2.1 faiz çox) sənaye məhsulu istehsal ediblər. Amma DSK-nın bu ilin 7 ayının statistikasını götürdükdə bəlli olur ki, sənayedə inkişaf 1.5 faizə düşüb. Orada göstərilib ki, neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri-neft-qaz sektorunda isə 10.7 faiz artıb.
Sənaye zonalarında artım…
İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, sənaye zonalarında məhsul istehsalı istiqamətində müsbət dinamika var: "2021-ci ilin ilk rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin birinci rübündə 681 milyon manatlıq məhsul istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82.6 faiz çoxdur. İxraca gəlincə, 2021-ci ilin birinci rübündə ixracın həcmi 119.9 milyon manat idisə, bu ilin analoji dövründə bu rəqəm təqribən 2.7 dəfə artaraq 318 milyon manat təşkil edib".
"Normalda biz daha böyük inkişafa nail olmalı idik"
İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, Azərbaycan sənayesi öz miqyasına görə Tacikistan, Özbəkistan, Ermənistan və Qırğızıstanla müqayisədə daha böyük potensiala malikdir. Amma onun fikrincə, sənaye məhsulunun artım tempinin hansı səviyyədə olması hökumətlərin fəaliyyəti ilə birbaşa əlaqəlidir: "Əgər, məsələn, Tacikistanda sənaye istehsalın artım tempi 17.3 faizdirsə, deməli, bu ölkənin hökuməti sənaye istehsalını, yaxud da ümumi iqtisadi tənzimləməni nisbətən yaxşı şəkildə həyata keçirib. Başqa cür də demək olar - Azərbaycan hökuməti ölkədə iqtisadi tənzimləməni çox bərbad şəkildə həyata keçirib ki, cəmi 2.1 faiz artım əldə edib".
Onun sözlərinə görə, Azərbaycanda əmək ehtiyatları MDB ölkələrin əksəriyyəti ilə müqayisədə daha çoxdur: "Azərbaycanda həm əmək ehtiyatlarının sayı kifayət qədər çoxdur, həm də təbii resursları. Azərbaycan sənaye istehsalında istifadə olunan texnikanı hərəkətə gətirən enerjidaşıyıcılara sahibdir. Normalda biz sənayedə daha böyük inkişafa nail olmalı idik, lakin biz buna nail ola bilmirik".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Azərbaycanda çox bərbad investisiya mühiti yaradıblar"
Onun sözlərinə görə, Azərbaycanda biznesin əli-qolu bağlanıb: "Azərbaycanda iş görmək istəyən sahibkarların dərhal boğazına çöküb illərdir qazandıqlarını əlindən alırlarsa, belə çıxır ki, siyahıdakı ölkələrdə bunu etmirlər. Azərbaycanda çox bərbad investisiya mühiti yaradıblar. Statistik göstəricilərini ortaya qoyanda məlum olur ki, həm yerli, həm xarici investorlar başını götürüb burdan qaçırlar".
Hərçənd istər Azərbaycan dövlət başçısı, istərsə də digər rəsmilər tez-tez deyirlər ki, ölkədə investisiyalar üçün çox əlverişli mühit var.