ABŞ bəzi gizli sənədləri açıqlaya bilər – Qərb mediası

11 sentyabr terrorunun memorialı

2001-ci il 11 sentyabr terrorunda 3 minə yaxın insan həlak olub

Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosu uzun müddət məxfi saxlanmış bəzi sənədləri açıqlamaq üçün nəzərdən keçirəcəyini bildirib. Söhbət Səudiyyə Ərəbistanı və 2001-ci il 11 sentyabr terroru arasında əlaqəyə dair sənədlərdən gedir. Bu haqda “The New York Times” qəzeti yazır.

Buna da bax: Taliban Kunduz aeroportunu tutub

Təhqiqatın bir hissəsi bağlanıb

Bayden administrasiyası terror qurbanlarının ailələrinin təzyiqi altında qərarını bu həftə açıqlayıb. Ailələr deyirlər ki, bu sənədlər Səudiyyənin təyyarə qaçırıb hücum törədənlərlə bağlılığını ortaya qoya bilər.

Ədliyyə Departamentinin məlumatına görə, FTB terror hücumları üzrə təhqiqatın bir hissəsini “bu yaxınlarda” bağlayıb və öncə gizli saxlanan bəzi sənədləri açıqlamaq üçün nəzərdən keçirməyə başlayır.

Ötən həftə hücumların birbaşa təsir göstərdiyi 1600-dən çox şəxsi təmsil edən bir qrup Prezident Baydenə müraciət edib. Onlar prezidenti sənədlərin məxfiliyinin qaldırılması və açıqlanmasına dair seçki kampaniyası vədini yerinə yetirməyincə terrorun 20-ci ildönümünə qatılmamağa çağırıblar.

Buna da bax: Putinin yeni komissiyası: ‘Qorxuram’  

2009-cu il proseduru

Bundan sonra Ağ ev bəyanatında Baydenin 2009-cu il prosedurunu işə saldığını açıqlayıb. Bayden vitse-prezident ikən qəbul olunmuş qayda hökumətin dövlət sirlərinin yayılmasını bloklamaq imtiyazına məhdudiyyət qoyur.

2001-ci il 11 sentyabr terrorunda 3 minə yaxın insan həlak olub.

Qurbanların ailə üzvləri 20 ildir bu məsələylə bağlı mübarizə aparırlar. Onlar dörd prezidenti Səudiyyənin hücumların maliyyələşdirilməsindəki rolu haqda informasiya yaymağa çağırıblar.

Terror hücumunu araşdıran komissiya Səudiyyə hökumətinin, yaxud bu ölkənin aparıcı rəsmilərinin hücumu həyata keçirmiş Al Qaeda-nı maliyyələşdirməsinə dəlil tapılmadığını deyiblər. Amma yenə də bəzilərinin spekulyasiyasına görə, daha aşağı çinli rəsmilərin hücuma bağlılığına dəlil ola bilər.