Qarabağ separatçılarının keçmiş liderlərinin həbs müddəti uzadılıb

Ruben Vardanyan

Azərbaycanın Qarabağ regionunda fəaliyyətini dayandırmış separatçı rejimin keçmiş liderləri barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Separatçı rejimin keçmiş “prezidentləri” Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, “parlament sədri” David İşxanyan, keçmiş "xarici işlər naziri" David Babayan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində həbs qətimkan tədbiri daha 4 ay uzadılıb. Qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb.

Onlar terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində ittiham olunurlar.

Separatçıların liderləri Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda birgünlük əməliyyatlarından sonra həbs olunublar.

“Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş rusiyalı milyarder Ruben Vardanyan barəsində də qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb. Bu qərarı isə Səbail Rayon Məhkəməsi verib.

Vardanyan terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələr yaratma, dövlət sərhədini qanunsuz keçmədə ittiham olunur.

Saxlananların özlərinin ittihamlara münasibətləri bəlli deyil.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatlarla Qarabağa nəzarətini bərpa edib. Yerevan 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.