Serbiyanın bəzi qəzetləri ‘Notr Damın yanması Allahın cəzasıdır’ yazıb

Notr Dam kilsəsində yanğın

AzadlıqRadiosunun müxbiri Alan Crosby yazır ki, ekspertlərin yanğının mümkün səbəblərini araşdırmaq üçün Parisdəki Notr Dam kilsəsini ələk-vələk etdikləri bir vaxtda Serbiyanın iki bulvar qəzeti bu faciənin “Allah cəzası” olduğunu yazıb.

Qəzetlər iddia ediblər ki, 12-ci əsrə aid abidənin yanmasına burada az əvvəl keçirilən tədbirdə separatçı Kosovonun bayrağının asılmasına “Allahın qəzəbinin tutması” səbəb olub.

Hökumətə bağlı Alo və Informer qəzetləri sözü gedən məlumatı aprelin 15-də özlərinin internet saytlarında dərc etmişdilər.

Məlumatda bildirilirdi ki, Parisdə I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi mərasimində Notr Dam kilsəsində tədbirə qatılan ölkələrin bayraqları asılmışdı.

Informer saytında qeyd olunurdu ki, Notr Dam “saxta Kosovo dövlətinin” bayrağını asıb və buna görə də “fəlakətli yanğınla məhv olub”.

Məlumatla birlikdə məbədin yanmasını əks etdirən, habelə yanğından əvvəl keçirilən mərasimdə divara asılmış Kosovo bayrağının fotoları da verilmişdi.

Informer saytı sonra heç bir izahat vermədən bu materialı silib.

Informer qəzetinin internet saytından skrinşot

Alo internet saytı isə yazırdı ki, ötən il keçirilən mərasim zamanı Notr Dam kilsəsində Kosovo bayrağının asılması 1990-cı illərdə Yuqoslaviyanın parçalanması zamanı Kosovoda öldürülmüş “serb qurbanların xatirəsinə tüpürülməsi” demək idi.

Alo saytı da sonra bu məlumatı silib.

Serbiyanın keçmiş əyaləti Kosovo öz müsdtəqilliyini 2008-ci ildə NATO-nun Belqradı bombardman etməsindən 10 il sonra elan etmişdi. NATO Belqraddan Kosovodakı qoşunlarının oradan çıxarılmasını tələb edirdi. Kosovo müharibəsində 13 min nəfər həlak olub və yüz minlərlə insan didərgin düşüb.

1, 8 milyonluq Kosovo əhalisinin 90 faizi etnik albanlardan, 5 faizi isə serblərdən ibarətdir.

Buna da bax: Notr-Dam kilsəsinin bərpasına milyonlar ayrılır

Qərb ölkələri Kosovonun yetkin dövlətə çevriləcəyinə ümid bəsləyirlər. Buna baxmayaraq burada indiyədək 5 min əsgərlik NATO qüvvəsi saxlanır.

İndiyədək ABŞ başda olmaqla və Türkiyə də daxil 115 ölkə Kosovonun müstəqilliyini tanıyıb.

Avropa İttifaqının 28 üzvündən 6-sı Kosovonun müstəqilliyini tanımır. Bunlar İspaniya, Slovakiya, Kipr, Rumıniya və Yunanıstandır. Rusiya və Çin, habelə Azərbaycan, Ermənistan və Gürcüstan da daxil 87 ölkə Kosovonu müstəqil dövlət kimi tanımır.

Kosovo bayrağının Fransada keçirilən mərasimdə nümayiş etdirilməsi ilə bağlı etirazlar bildirilərkən, Paris bunu bayraqların mərasimə dəvət olunan nümayəndə heyətlərinə görə asılması ilə izah etmişdi.

Kosovo başçısı Hashim Thaci (solda), Rusiya prezidenti Vladimir Putin və Kanadanın baş naziri Justin Trudeau Paris mərasimində

Bir çox serbləri habelə mərasim zamanı Kosovo prezidenti Hashim Thaci-nin Rusiya prezidenti Vladimir Putinlə yanaşı oturması, Serbiya prezidenti Aleksandar Vucicə isə kənarda yer ayrılması qəzəbləndirmişdi.

Rusiya Serbiyanın ənənəvi müttəfiqi hesab olunur və Kosovonun müstəqilliyini qətiyyətlə rədd edir.

Bütün bunlara baxmayaraq aprelin 15-də Parisdəki “Anamız Məryəm” məbədinin yanması ilə bağlı Fransaya dəstək bildirən dövlət başçılarının arasında Vucicin də adı var. O bildirmişdi ki, Notr Damdakı yanğın bütün serbləri dərindən məyus edib:

"Biz fransız dostlarımızın yanındayıq və bu fransızlıq və dünya sivilizasiyası rəmzininbərpasında kömək etməyə hazırıq”.

Notr Dam məbədini “Fransanın qəlbi” adlandıran prezident Emmanuel Macron deyib ki, yanğın zamanı “ən dəhşətlisi” – binanın tamamilə uçması baş verməyib və məbəd mütləq yenidən ucaldılacaq.

850 yaşı olan məbədin bürc qülləsi və damı tamamilə məhv olsa da, zəng qüllələri də daxil əsas divarları salamat qalıb, məbədin içərisindəki nadir tarixi eksponatlar isə oradan vaxtında çıxarılıb.