Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

Sərdar Cəlaloğlu

Tural Abbaslı və Əli Əliyevin namizədliyi qeydə alınmayıb

Bu gün, martın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, ilk olaraq Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədovun ( Sərdar Cəlaloğlunun) prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, Sərdar Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınmasından ötrü əsaslar mövcuddur.

Qurum onun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.

Sonra prezidentliyə namizədliyini özü verən Tural Abbaslının məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasından ötrü isə əsaslar mövcud deyil.

MSK məsələni səsə qoyaraq qəbul edib və T. Abbaslının namizədliyi qeydə alınmayıb.

Buna da bax: Prezidentliyə namizədlərin adına burgerlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentliyə namizədlərin adına burgerlər

Eyni qaydada Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyevin də naməzədliyi qeydə alınmayıb.

Bununla da namizədlərin qeydə alınması başa çatıb.

MSK bundan əvvəl isə 7 nəfərin namizədliyini qeydə almışdı.

Martın 10-da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyevin və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevin namizədliyinin qeydə alındığı açıqlanmışdı.

MSK bundan öncə də Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevi, deputat Zahid Orucu, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəni və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevi seçkiyə buraxmışdı.

Seçki qanunvericiliyinə görə, şəxsin namizədliyinin qeydə alınmasından ötrü azı 40 min imza tələb edilir.

Ümumilikdə 15-ə yaxın şəxs prezidentliyə iddialı olduğunu rəsmən açıqlamışdı.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib