Ermənistanın Müdafiə Nazirliyi isə azərbaycanlı sərhədçiyə erməni hərbçilər tərəfindən hücum olunması xəbərini təkzib edib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Nazirlik bu xəbəri "tamamilə yalan, Azərbaycan tərəfin növbəti dezinformasiyası" adlandırır. "Erməni hərbçilərin iştirakıyla belə bir insident baş verməyib", – məlumatda deyilir.
+++
Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan sərhəddində insidentin baş verdiyini açıqlayıb.
Açıqlamaya görə, avqustun 25-də saat 15:45 radələrində Ermənistanla sərhəd Qubadlı rayonunda Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Ruslan Şirəliyev Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb :
“O əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçmışlar. Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur”.
Açıqlamada deyilir ki, “baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.”
Hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.
Buna da bax: Kəlbəcər və Şuşaya gedən ‘yaxın yolların’ çətinliyi (Video)Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.
Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadlı rayonu daxil) nəzarəti bərpa edib.
Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.