İranda qadın məhbuslar əmək fəalına ölüm cəzasını pisləyirlər

Şərifə Məhəmmədi

İranda bir qrup qadın məhbus mümkün edam dalğası barədə xəbərdarlıq edib. Onlar bu yaxınlarda əmək fəalı Şərifə Məhəmmədiyə kəsilmiş ölüm cəzasını "utancverici və biabırçı" adlandırıblar.

16 qadın məhbusun imzaladığı məktubda deyilir ki, ötənhəftəki prezident seçkisindən öncə hakimiyyət edamların sürətini "seçki şousu" öncəsi maksimum həddə yavaşıdıb.

"Ancaq indi edam hökmlərinin çıxarılması və icrası sürətlənəcək, qurbanların ailələri daha çox repressiyaya məruz qalacaq", - məktubda deyilir və Məhəmmədiyə qarşı cəzanın ləğvi tələb olunur.

Bu ayın əvvəlində şimali Rəşt şəhərindəki İnqilab Məhkəməsi Məhəmmədini dövlətə qarşı silahlı qiyamda təqsirli bilib. Onun həmkarlar təşkilatına üzvlüyü dəlil kimi göstərilib.

Qadın həmçinin qadağan olunmuş "Komala" kürd separatçı partiyasına üzvlükdə ittiham olunur. Ailəsi isə ittihamı rədd edir.

"Hakimiyyət ədalət arenasından səsi indi daha gur çıxan qadınların etiraz və tələb səsini boğmaq istəyir", - məktubda vurğulanır.

İşgəncə iddiaları

Məhəmmədinin bibisi Vida Məhəmmədi AzadlıqRadiosunun fars xidməti – "Radio Farda"ya deyib ki, onun qardaşı qızı həbs olunandan sonra, dekabrın 5-də işgəncəyə məruz qalıb, bir neçə ayı cərimə kamerasında keçirib.

V.Məhəmmədi Ş.Məhəmmədinin ölkə içində, yaxud xaricində hər hansı siyasi təşkilata bağlılığı olmadığını sözlərinə əlavə edib.

2022-ci ildə İranda kürd əsilli Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Onun ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

Aylarla çəkən etirazlarda azı 500 etirazçının öldürüldüyü bildirilir.

Yerli və beynəlxalq insan haqları fəalları Tehranı kütləvi nümayişlərdən sonra etirazçıları və digərlərini qorxutmaq üçün ölüm cəzasından istifadədə ittiham edir.