ABŞ Səudiyyə şahzadəsinin müşavirlərinə sanksiyalar elan edir

Muhammed bin Salman

Birləşmiş Ştatlar Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman-ın yaxın müşavirləri də daxil olmaqla jurnalist Jamal Khashoggi-nin qətlində əli olduğu iddia edilən 17 səudiyyəliyə sanksiyalar elan edib.

Bu sanksiyalar bəyan edilməzdən əvvəl Səudiyyənin mülki prokuroru beş Səudiyyə rəsmisinin jurnalistin qətlinə görə edam cəzası ilə üzləşə biləcəklərini bildirmişdi.

59 yaşlı Khashoggi şahzadə Muhammad-ın ən kəskin tənqidçilərindən biri idi.

Jurnalist oktyabrın 2-də Səuidiyyənin İstanbuldakı konsulluğuna gedəndən sonra yoxa çıxmışdı.

Türkiyə rəsmiləri bildiriblər ki, Jamal Khashoggi binaya daxil olan kimi boğularaq öldürülüb, daha sonra isə “meyiti hissələrə bölünüb”. Ankara bu qətlin əvvəlcədən planlaşdırıldığını bəyan edib.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin noyabrın 15-də verdiyi bəyənatda deyib:

“Bizim sanksiyaladığımız Səudiyyə rəsmiləri, Jamal Khashoggi-nin ikrah hissi doğuran qətlində iştirak ediblər. ABŞ-da yaşayan və işləyən jurnalisti hədəfləmiş və qəddarlıqla öldürmüş bu şəxslər əməllərinin nəticəsi ilə üzləşməlidirlər”.

Sanksiyalanmış 17 səudiyyəlinin arasında vəliəhd şahzadənin iki yaxın müşaviri - Saud Al-Qahtani və Maher Mutreb, habelə Khashoggi öldürülərkən İstanbul konsulu postunu tutmuş Muhammad Alotaibi də var.

Sanksiyada deyilir ki, şahzadə Muhammad-ın sağ əli sayılan Qahtani jurnalistin “öldürülməsinin planlaşdırılmasında və icrasında iştirak edib”.

ABŞ dövlət katibi Mike Pompeo bu münasibətlə ayrıca bəyanat verib:

"Bu hərəkətin nəticəsi olaraq bu fərdlərin ABŞ-ın yurisdiksiyasında olan bütün mülkiyyəti bloklanıb və ABŞ vətəndaşlarına onlarla hər hansı maliyyə əlaqələri qadağan olunub”.

ABŞ-ın Qlobal Magnitsky İnsan Haqları Cavabdehliyi qanunu əsasında irəli sürülmüş sanksiyalara görə sözü gedən fərdlərin ABŞ-dakı bütün mülkiyyəti dondurulur və amerikalılara və ABŞ şirkətlərinə bu şəxslərlə işbirliyi qadağan edilir.