Bir övlad daha çox sevilirsə...

Heç də bütün valideynlərin sevimli övladı olmur, ancaq bir çoxunun olur

Bir çox mədəniyyətlərdə övladlardan birini digərlərindən çox sevmək bir növ tabudur. BBC bir araşdırmaya istinadən yazır ki, əksər valideynlərin bir sevimli övladı olur.

Ailədə ən az sevilən övlad olmanın şəxsiyyətin formalaşmasına təsirlərini və övladlar arasında rəqabətə apardığını göstərən çoxlu dəlillər var. Buna görə də valideynlər çox vaxt hansı övladlarını daha çox sevdiklərini dilə gətirməməyə çalışırlar.

İddialı, karyera can atan uşaqlar...

Massaçusets Universiteti Tibb Məktəbinin psixiatriya və pediatriya professoru Cessika Qriffin deyir ki, heç də bütün valideynlərin sevimli övladı olmur, ancaq bir çoxunun olur: "Əldə edilən məlumatlar göstərir ki, xüsusən də analar özləri ilə eyni dəyərləri paylaşan, ailə ilə daha çox qaynayıb-qarışan uşaqlarını çox iddialı və karyeraya can atan uşaqlarından daha çox sevirlər".

Buna da bax: Evliliyin xoşbəxt olmadığını göstərən 9 əlamət

Bəzi araşdırmalar göstərir ki, səbəblərdən asılı olmayaraq, bir çox valideynlər bunu qəbul etsələr də, etməsələr də, onların mütləq sevimli övladları olur. Bir araşdırma Britaniyada anaların 74, atalarınsa 70 faizinin bir övlada daha çox meylli olduğu üzə çıxıb.

Ancaq başqa bir tədqiqat zamanı aparılan sorğuda valideynlərin yalnız 10 faizi sevimli övladlarının olduğunu etiraf edib. Bu isə onu deməyə əsas verir ki, əksər ana və atalar üçün bu məsələ ciddi qorunan ailə sirri olaraq qalır.

Valideynə oxşayan övlad

Tədqiqatlar göstərir ki, övladların dünyaya gəlmə sırası onların valideynlərin sevimlisi olmasında ciddi rol oynayır. Valideynlərin daha çox evin kiçiyinə üstünlük verdiyi, onu favorit kimi gördüyü bəlli olub. İki övladı olan valideynlərin 62 faizinin, üç və daha artıq övladı olanların 43 faizinin sevimlisi evin sonbeşiyidir. Valideynlərin 33 faizə qədəri evin ortancıl, yalnız 19 faizi isə böyük övladını sevdiyini bildirib.

Buna da bax: Uşaqları sosial mediadan qorumağın 10 yolu

Nyu-Yorkda fəaliyyət göstərən Maunt-Sinay Xəstəxanasının klinik psixoloqu doktor Vicayeti Sinh deyir ki, evin kiçik övladının sevilməsi çox zaman doğulma ardıcıllığı ilə assosiasiya olunan sosial və emosional bacarıqlarla bağlıdır. Valideynlər bu sahədə daha çox təcrübə topladıqca, yeni övladlarının uşaqlığını necə formalaşdıracaqları haqda daha yaxşı təsəvvürə malik olurlar.

"Valideynlər özlərinə daha çox oxşayan, onlara özlərini xatırladan… övladlarını daha çox sevirlər. Kiçik övladların daha təcrübəli valideynlər tərəfindən böyüdülməsi ehtimalı daha çoxdur", – o deyir.

Dərin dəyərsizlik hissi

Valideynlərin çox vaxt sevimlisi olsa da, çoxları bunun övladların özünədəyər hissinə ciddi təsir edə biləcəyini düşünüb bunu ifadə etməkdən çəkinir. Bu narahatlıq əsassız deyil.

"Özlərinə qarşı münasibətin ədalətsiz olduğunu hiss edən uşaqlar dərin dəyərsizlik hissinə malik ola bilərlər. Onlar hətta müəyyən mənada sevilmədiklərini və ya başqaları tərəfindən sevilmək üçün xüsusi məziyyətlərə malik olmadıqlarını da düşünə bilərlər. Özlərini ailənin ala qarğası kimi hiss etmələri qorxu və inamsızlığa yol aça bilər. Bu uşaqlar özlərini qorumağa, başqalarının yanında həddindən artıq nəzakətli və üzüyola olmağa çalışa bilərlər", – Sinh deyir.

Buna da bax: Övladlarınızla birlikdə oxuyanda bunları etməlisiniz – 6 üsul

Ancaq əksər valideynlər narahat olmamalıdır. Çünki tədqiqatçıların əldə etdiyi məlumatlar göstərir ki, valideynlərin sevimli övladlarına qarşı davranışları ifrata varmadıqca, əksər uşaqlar evin ən az sevilən uşağı olduqları üçün çox da narahat olmurlar.

Qriffin hesab edir ki, səbəblərdən asılı olmayaraq, valideynlərin bir övladı ayırması tamamilə normal və hətta gözləniləndir. Onun sözlərinə görə, özlərini ən az sevilən övlad sayan uşaqların özünə inamı daha az, depressiyaya məruz qalmaq ehtimalı isə daha yüksək olsa da, əksər hallarda onların əslində kimin sevimli övlad olmasından xəbəri yoxdur.