'Qanuna 14-dən çox əsas qoyublar,... jurnalist informasiyanı yaya bilməz'

S.Məmmədov

Dekabrın 18-də jurnalist Səxavət Məmmədov Baş Prokurorluğa dəvət olunub, sonra isə məhkəməyə aparılaraq 500 manat cərimələnib. Jurnalist bunu ordu ilə bağlı araşdırmaları ilə izah edib. Onu İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsini pozmaqda təqsirli biliblər.

Jurnalistlərin, redaktorların yazılara görə Baş Prokurorluğa çağırılması və ardınca cəzalandırılması əvvəllər də baş verib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağa gedə bilməyən jurnalistlər: 'Niyə biz o siyahıya salınmırıq?'

Səxavət Məmmədov birinci deyil

2019-cu ildə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli həmin saytda dərc olunan məqalələrə görə şərti həbs cəzası alıb. O, rəhbəri olduğu saytda yayımlanan "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb" və "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. İttiham tərəfi iddia edirdi ki, M.Hacıbəyli "…Vətəndaşlar arasında xaos, çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsəd ilə" bu yazıları rəhbərlik etdiyi saytda yerləşdirib. Həmin dövrdə criminal.az saytının baş redaktoru Anar Məmmədov da oxşar ittihamlarla şərti həbs cəzası almışdı.

Azərbaycan Cinayət Məcəlləsində 147 (böhtan) və 148 (təhqir) maddələr mövcuddur ki, beynəlxalq konvensiyalara uyğun, onların dekriminallaşması hələ də baş verməyib. Üstəlik, ölkədə "Diffamasiya haqqında" Qanun qəbul olunmayıb. 2019-cu ildə Cinayət Məcəlləsinə dəyişiklik edilərək 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi əlavə olunub.

F.Mustafa

"Görünür, ciddi əsaslar var ki…"

Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, əgər məsələ dövlət sirri və yaxud da buna oxşar informasiya ilə bağlıdırsa, jurnalistin məsuliyyətə cəlb edilməsi mümkündür, amma arzuolunan deyil: "Jurnalistlərin araşdırmalarına görə cəzalandırılması doğru deyil. Amma bütövlükdə, əgər bir motiv varsa, onda ola bilər. Hər halda, prokurorluq bu məsələlərə obyektiv yanaşan qurum kimi, ola bilməz ki, əsassız şəkildə hansısa bir jurnalisti çağırsın və cərimələsin. Çünki həm də media ilə bağlı mövzudur, nə qədər həssas olduğunu hamımız bilirik. Görünür, ciddi əsaslar var ki, belə edilər".

O qeyd edib ki, ümumi xarakterli informasiyaya görə hər hansı təqib və təzyiq qadağandır: "Bu, qanunda da təsbit olunub. Amma dövlət sirri, terrorizm, dini ekstremizm ilə bağlı məsələlər ola bilər ki, bu motivli informasiyalara görə qanun ciddi addım atmağa icazə verir. Amma bu informasiyaların hansı motivlərlə verildiyi ciddi araşdırılmalıdır".

Bütövlükdə isə, deputat jurnalistlərin fikirlərinə görə hər hansı formada təqib olunması ilə bağlı son illərdə ciddi bir fakta rast gəlmədiyini deyir: "Bu, (Səxavət Məmmədovun məsələsi) son illərdə nadir hadisələrdən biridir. Görünür, ciddi bir əsas olub ki, prokurorluq bu addıma gedib".

Ə.Məmmədli

"2017-ci ildən etibarən qanunvericiliyə çox sayda…"

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, jurnalist fəaliyyətinə qanunsuz müdaxilələrin hüquqi əsasları olmamalıdır: "2017-ci ildən etibarən qanunvericiliyə çox sayda mənasız və, eyni zamanda, ifadə azadlığına ciddi şəkildə müdaxilə edən müddəalar gətirilib. Onlardan biri məhz "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqında" Qanundur".

Hüquqşünas deyir ki, həmin qanuna 14-dən çox əsas qoyublar, hansı hallarda jurnalist informasiyanı yaya bilməz: "Üstəgəl, orada hər hansı ekspertizanın aparılması nəzərdə tutulmayıb. Konkret olaraq, müvafiq qurum hesab edirsə ki, bu yayılmalı deyil, onda həmin jurnalist də cərimələnə, media orqanı da bloklana bilir. Səxavət Məmmədin işində də heç bir əlavə araşdırma aparılmadan, prokurorluğun təqdimatına görə dərhal inzibati qərar verilib ki, o, qanunla qadağan məlumat yayıb".

Hüquqşünasın fikrincə, amma bu məlumatın yayılması hansı qanunla qadağandır, hansı məlumat sirr təşkil edib, bunu sübut edən bir dəlil yoxdur: "Eynilə bu problem əvvəllər da mövcud idi".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Dövlət jurnalistlərə rüşvət verir' - Mehman Əliyev

"…Ziddir"

Ekspertin sözlərinə görə, bu, Konstitusiyanın 50-ci (Məlumat azadlığı) maddəsinə ziddir: "Ayrıca da bu, Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinə ziddir. Əgər jurnalist rəsmi qurumu tənqid edirsə və bu qurumun mənafeyinə zərər verirsə və onlar hesab edir ki, jurnalist bunu yaya bilməz, bu, birmənalı olaraq tənqidi bloklamaqdır və ifadə azadlığına qeyri-legitim basqıdır".

Məsələ ilə bağlı Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, ifadə azadlığının boğulması ilə bağlı şikayətləri qəbul etmirlər.