‘Burada bizə yer yoxdur’. Şimali Qafqazdan LGBT səsləri

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət onu qadın kimi tanımır: Miray transfobiyanı necə qırır?

Qlobal LGBT icması Qürur ayını qeyd etdiyi bir vaxtda Rusiyada bu fərdlər dövlətin icazı verdiyi homofobiya və zorakılıqla üzləşirlər. Nyu-Yorkda yerləşən “Human Rights Watch” (HRW) insan haqları təşkilatı 2023-cü il üzrə hesabatında Rusiyanın “yeni homofob qanunlar qəbul etdiyini və homofob ritorikasını artırdığını” bildirib.

Kremlin dəstəklədiyi güclü lider Ramzan Kadırovun özünü ənənəvi müsəlman dəyərlərinin müdafiəçisi kimi göstərdiyi Çeçenistanda LGBT-yə təqiblər daha şiddətlidir. Onun şəxsən nəzarət etdiyi "Kadırovçular" adlı təhlükəsizlik qüvvələri Kadırovun siyasi rəqiblərini və LGBT icmasının üzvlərini oğurlamaqda, onlara işgəncə verməkdə, qətlə yetirməkdə ittiham olunur.

HRW Kadırovun “istənilən narazılığı amansızlıqla boğmağa davam etdiyini” bildirərək regionu ayrıca tənqid edib.

AzadlıqRadiosunun Caucasus.Realities xidməti Şimali Qafqaz regionundan LGBT icmasının iki üzvü və Rusiyanın cənub sərhədində yerləşən Stavropol vilayətindən bir nəfərlə danışıb. Çeçenistandan olan iki müsahib Rusiyanı tərk edərək Avropada yaşayır, lakin onlar harda yaşadıqlarının bilinməsini istəməyiblər. Eyni zamanda soyadlarının gizlədilməsini xahiş ediblər.

Buna da bax: Rusiyanın LGBT qanunu. 'Stalin dövründən də sağ çıxmışıq'

25-yaşlı çeçenistanlı Əhməd 2019-cu ildə Rusiyanı tərk edib:

Uşaqlıqda kişilərə maraq göstərmək fikri mənə anormal görünmürdü. Amma 13 yaşım olanda anladım ki, mən “hamı kimi” deyiləm. Atam həmişə ənənəvi hesab etmədiyi hər şeyi tənqid edib. Bir dəfə valideynlərim telefonumda köynəksiz bir gəncin şəklini tapdılar. Atam məni sorğu-sual etməyə başladı, amma anam müdaxilə etdi və atama dedi ki, özüm belə bir bədən quruluşuna sahib olmaq istəyirəm. Fikirlərimi gizlətməli olduğumu ilk dəfə o zaman anladım.

Anam məni İslam məktəbinə yazdırdı və “Quran” oxumağa başladım. Arzularımın pis və dinimə zidd olduğunu anladım. Özümü inandırdım ki, bir qadınla birlikdə olub, ailə həyatı qurmalıyam. Oruc tutdum, namaz qıldım, Allaha yalvardım ki, kişilərə marağım olmasın. Yeddi il mübarizə apardım və özümü olduğum kimi qəbul etmədim.

Yaşadığım kənddə dostum yox idi. Ancaq universitetə gedəndə dostlarım oldu. 22 yaşımda münasibət qurmaq istədim. Bir dostuma qızla görüşəcəyimi desəm də, oğlanla görüşməyə başladım.

Anam həmişə gey olduğumu bilirdi. Amma bu barədə ilk dəfə bu yaxınlarda danışdıq. Mənə zəng etdi və ilk dəfə bir qadınla birlikdə olub-olmayacağımı soruşdu. Cəsarətimi toplayıb ona səmimi cavab verdim. Məni sağaldacaqlarını, mənə kömək edəcəklərini dedi. Ona bunun xəstəlik olmadığını başa salmağa çalışdım, amma onu inandıra bilmədim. Uzun müddət pis oldum. Həmin söhbətdən sonra psixoloqla danışdım. Qərara gəldim ki, anamla tamamilə açıq olmalıyam. Ona yazıb məni olduğum kimi qəbul etməsini xahiş etdim. Bir gün sonra cavab yazdı və məndən üzr istədi. Məni çox istədiyini dedi. Sevincdən ağlayırdım. Anam məni başa düşmüşdü.

Vaxtaşırı zorakılığa məruz qalırdım. Maksim Lapunovun (Omsk vilayətindən olan Lapunov 2017-ci ildə Çeçenistanda cinsi oriyentasiyasına görə işgəncələrə məruz qaldığını bildirib) müsahibəsini görəndə getməyə qərar verdim.

Qorxurdum ki, Çeçenistanda yaşadığım müddətdə, məni daim saxlayıb telefonumda nəsə tapacaqlar. Təkcə döyülməkdən yox, oğurlanmaqdan, işgəncələrə məruz qalmaqdan, öldürülməkdən qorxurdum. Beləliklə, 2019-cu ildə Rusiyanı tərk etdim.

Başda düşdüm ki, Çeçenistanda mənim üçün həyat yoxdur və olmayacaq. Başqalarına da qorxmamağı və xoşbəxt olmadıqları yerdən çıxmağı məsləhət görürəm.

Buna da bax: Gürcüstanda trans komediyaçının keşişlə görüşü

“Burada bizə yer yoxdur”

Stavropol vilayətinin Pyatiqrosk şəhərindən 24-yaşlı Artyom:

Mən Pyatiqroskdan kənarda yerləşən bir kənddə, erməni ailəsində doğulmuşam. Bizim böyük diasporumuz var və elə məhəllələr var ki, orada hamı ermənicə danışır.

Ailəm mənim oriyentasiyamı bilmir. Onlar çox konservativdirlər. Bunu ailəmə deyib-deməməyə qərar verə bilmirəm. Ailəmdə varlı və nüfuzlu insanlar var. Məni öldürəcəklərini düşünmürəm, amma məni buradan getməyə də qoymayacaqlar. Məsələn, Dağıstanda LGBT nümayəndəsi olduğunuzu bilsələr, nəyisə oğurladığınız haqda polisə şikayət edə bilərlər. Sonra həbs ediləcəksiniz və ölkədən çıxmağa icazə verilməyəcək.

Pyatiqorsk nisbətən inkişaf etmiş şəhərdir. Şəxsən mən Çeçenistandakı kimi ciddi təhlükələrlə üzləşmirəm. Heç kim məni öldürməyəcək, ruhi xəstəxanaya yerləşdirməyəcək. Amma insanlar oriyentasiyamı bilsələr, təzyiq çoxalar. Pyatiqorskda iş tapmaqda çətinlik çəkə bilərəm. Ona görə də oxumaq üçün başqa şəhərə getdim. Sosial şəbəkələrdə heç bir qohumumla “dost” deyiləm. Teleqramda öz şəklimi istifadə etmirəm.

Bu günlərdə Rusiyada heç kimin öz haqqı uğrunda mübarizə aparması mümkün deyil. Buna görə də LGBT fərdlərə mümkün qədər təmkinli olmağı tövsiyə edirəm. Ən kiçik bir şübhə belə, sağlamlığınız, nüfuzunuz, hətta həyatınızla bağlı ciddi problemlərə səbəb ola bilər. Burada bizə yer yoxdur. Fərqli normalara və daha çox tolerant bir cəmiyyət tapmalıyıq.

Buna da bax: Ateizm və biseksuallığa görə ‘müalicə alan’ qadının Dağıstandan qaçışı

Çeçenistanlı 29-yaşlı İbrahim:

13 yaşım olanda məhəllədən bir oğlan mənimlə maraqlanmağa başladı və məndə ona qarşı hisslər yarandı. Aramızda seks yox idi. Ancaq hisslər və öpüşlər var idi. Amma bu, uzun çəkmədi. Tezliklə onun həyatına bir qız girdi və mən arxa plana keçdim. Daha sonra başqa bir kişi ilə oldum və o, səmimi şəkildə mənə dedi ki, “hələ ki, arvadım yoxdu, evlənənə qədər səninlə görüşəcəm”.

[Şimali Qafqazda] qadınlarla cinsi əlaqədə olma ehtimalı azdır, ona görə də onları qane edəcək kişi tapırlar. “Qardaş məhəbbəti” Qafqazda kifayət qədər geniş yayılıb. Bu adətən qonşu və ya dost olur. Seks üçün ən təhlükəli yerlər kirayə mənzillər və ya otellərdir. Çeçenistanda kirayə mənzillərə polis tərəfindən kameralar quraşdırılıb. Amma dost evinə getsəniz, “qardaş sevgisi” gecəsini keçirə bilərsiniz.

Gey tanışlıq elanlarının təxminən 97 faizi tələdir. Ya polisə işləyirlər, ya da özləri sizi sıxışdıracaqlar. Bir çox geylər digər geylərdən xərac alır.

Bir çox insanlar kimi mən də saxlanıldım. Tanıdığım bir adam mənə xəyanət etdi. Bəzən saxlananları döyürlər və ya ağızlarına tüpürürlər. Onları boru ilə döyürlər. Bu onların sevimli cəza üsuludur. Plastik boru ilə səni zorlayırlar, bəzən cərəyana bağlı məftili boruya dolayırlar. Mən bunu yaşayan və ağrıdan üç gün tualetdən istifadə edə bilməyən üç oğlan tanıyıram. Kadırovçuların əylənmək üsulları budur.

Bəzi [LGBT] qadınlar da orada idilər. Onlar falçılıq və ya qanunsuz spirtli içki satmaqda ittiham olunurlar. Qadınların qolları bağlıydı və döyülürdülər.

Polis saxlananları buraxmaq üçün pul tələb edir. Ailənin zənginliyindən asılı olaraq iki və ya üç milyon rubl (25-37 min dollar). Onlarla bazarlıq edə bilərsiniz. Bəlkə endirim əldə edərsiniz. Ailəmdən 1 milyon (12 min 400 dollar) tələb etdilər.

2019-cu ildə Rusiyadan getdim. Regiondan çıxdığıma görə çox xoşbəxtəm və peşman deyiləm. Anam məni buraxmaq istəmirdi, amma heç olmasa, indi oğlunun sağ olduğunu bilir. Hazırda nisbətən təhlükəsizlikdə olsam da, həmişə diqqətli olacağam və insanlara çeçen olduğumu deməyəcəm. Belə rəhbərliklə mən özümü “çeçen” adlandırmaq istəmirəm.