Şoyqu ‘tapılıb’mı?

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir (Arxiv fotosu)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-dən sonra ilk dəfə olaraq martın 24-də Rusiya dövlət televiziyasının qısa süjetində görünüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-dən sonra ilk dəfə olaraq martın 24-də Rusiya dövlət televiziyasının qısa süjetində görünüb.

Reuters agentliyi Rusiya mediasına istinadən bildirir ki, müdafiə naziri Rusiya prezidenti Vladimir Putinin keçirdiyi Təhlükəsizlik Şurası müşavirəsinin videokonfrans ekranında bir neçə saniyə ərzində görünüb.

Rusiya mediası nazirin 12 gün ərzində harada olmasını öyrənməyə çalışırdı.

Kremlin sözçüsü Dmitri Peskov martın 24-də bu barədə yayılan şayiələri təkzib edib və deyib ki, müdafiə nazirinin bugünlərdə başı çox qarışıqdır və mediaya diqqət ayırmaq üçün vaxtı qalmır:

"Müdafiə nazirinin beynində indi min bir fikir var. Xüsusi əməliyyat gedir. Doğrusu indi media fəaliyyətinin vaxtı deyil”.

Sizin brauzer HTML5-i dəstəkləmir

NATO ölkələrinin liderləri Ukraynaya görə toplaşdı

30 saniyəlik video

Lakin AzadlıqRadiosunun Rus xidməti Agentstvo saytına istinadən yazır ki, müdafiə naziri son dəfə xəbərlərdə martın 11-də görünüb.

Bundan bir həftə sonra Rusiyanın 1-ci kanalında onun iştirak etdiyi süjet efirə verilib. Amma həmin süjetdə Şuyqunun 11 marta aid göərüntüləri verilib.

Bu da qeyd olunur ki, Şoyqu “yoxa çıxmazdan” əvvəl mediada gündə bir neçə dəfə görünürdü.

Nazirin adının çəkilməsini istəməyən tanışı deyib ki, Şoyqunun ürəyi ilə bağlı problemıəri var.

Dmitri Peskov bildirib ki, Şoyqu martın 24-də Təhlükəsizlik Şurasının visdeoiclasında iştirak edib.

Bunun ardınca telekanallar Şoyqunun Putinlə videobağlantı ilə danışdığını göstərən videonu efirə veriblər.

Jurnalist Mixail Zelenski belə bir məqama diqqət verib ki, Rossia 24 telekanalı bu epizodun efirə verilməsi üçün canlı yayımını dayandırıb.

Kremldə akkreditə olunmuş jurnalistlər də Şoyqunu Putinin müşavirəsində göstərən videonu dərc ediblər:

Rusiya dövlət telekanalları köhnə videolardan burndan əvvəl də dəfələrlə istifadə ediblər.

Məsələn martın 18-də 1-ci kanal Şoyqunun hərbçiləri medallarla təltif etməsi barədə süjet vermişdi. Orda “bugün” baş verən hadisədən danışıldığı iddia olunurdu, amma süjetdəki video Müdafiə Nazirliyinin saytında martın 11-də dərc olunmuş video ilə eyni idi.

Buna da bax: Qərb Rusiya üzərinə yeni sanksiyaları açıqladı

Texniki nasazlıq?

Martın 24-də Vesti xəbərlər proqramında Putinin iştirakilə Təhlükəsizlik Şurasından 30 saniyəlik video göstərilib.

Burada son 13 gün ərzində ilk dəfə olaraq Sergey Şoyqu görünür. Onun efirdə görünməsindən əvvəl sanki kamerada nasazlığın olması da müşahidə edilib.

Sanki kameranı canlı efirdə sazlamağa çalışırlar. Şoyqu bu kadrda qalstukunu düzəldir və özünü qaydaya salır.

Video cəmi 30 saniyə davam edir və bu zaman səs verilmir. Şoyqu prezidentin qarşısındakı telemonitorun sol güncündə yuxarıda görünür. Amma son saniyədə Şoyqunu göstərən sektor hələ iclas davam edərkən yenidən qaralır.

Buna da bax: 'Ukraynada çox ağır küçə döyüşləri olacaq'

Gerasimov da gözə dəymir

Bu arada xəbər verilir ki, müdafiə naziri Sergey Şoyqu və Rusiya silahlıq qüvvələri baş qərargahının rəisi Valeri Gerasimov Pentaqonun zənglərinə cavab vermirlər.

Gerasimov da martın ortalarından ekranlarda görünməyib.

Pentaqonun sözçüsü Con Körbi The Washington Post qəzetinə deyib ki, “xüsusi əməliyyat” başlanandan bəri Moskva müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovla Pentaqon rəhbərliyi arasında birbaşa telefon söhbətlərindən imtina edir.

Bu da vurğulanır ki, əslində martın 24-də Şoyqunun efirdə görünməsi qəzetin bu xəbərindən bir neçə saat sonra baş verib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 66 yaşlı nazirin efirlərdən yoxa çıxması Rusiya ordusunun Ukraynadakı uğursuz hücumları ilə eyni vaxta təsadüf edib.

Rusiya qoşunlarının son uğuru martın 2-də Xerson şəhərinin ələ keçirilməsi olub.

O vaxtdan bəri Rusiya qoşunları əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər.