Bu gün, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günüdür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının qərarı ilə bu yeni yaranan və cəmi iki il ömür sürən ölkənin ilk nizami hərbi hissəsi - Əlahiddə Korpus yaradılıb.
Təkrar müstəqillik qazanılandan sonra ölkədə 1992-1998-ci illər arasında Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib.
Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.
Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən AXC silahlı qüvvələrinin əsası qoyulub.
9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi doqquz gün öncə müdafiə məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin ilk batalyonlarının əsası qoyulmuşdu.
26 iyun Azərbaycanda rəsmi iş günü deyil.