Simonyan Matviyenkoya sərt cavab verdi

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Milli Məclisinə Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası xarici münasibətlər komitəsinin sədri Qriqori Karasindən məktub gəlib.

Bu da xəbər verilir ki, Karasin bu məktubu Federasiya Şurasının sədri Valentina Matviyenkonun tapşırığı ilə göndərib.

Məktubda Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın bu yaxınlarda verdiyi bəyanatlarla bağlı izahat tələb olunur.

Simonyan Avropa İttifaqı ölkələri parlament sədrlərinin görüşündə etdiyi çıxışda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini demişdi:

“Bu konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu nəzərə alaraq, deməliyəm ki, Ermənistan Ukraynanın, habelə Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.

Lakin Ermənistan Milli Məclisinin spikeri bununla kifayətlənməmiş və bəyan etmişdi ki, Rusiya Ermənistan üçün Azərbaycan qədər təhlükə təşkil edir:

"Rusiya təhdid və dezinformasiya kampaniyaları təşkil edir. Narahatlıq doğuran budur ki, Rusiya hökumətinin bir çox vəzifəli rəsmiləri Ermənistana maraqlarını diktə edir və erməni xalqının adından danışırlar. Bunun parlaq nümunəsi Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının rəhbəri və ABŞ dövlət katibinin üçtərəfli görüşü ilə bağlı Rusiyanın və Azərbaycanın Ermənistan üzərinə həyata keçirdiyi hibrid hücumudur”.

Buna da bax: MN: Rusiya sülhməramlıları Azərbaycanı tam tərk edib

“Çoxəsrlik dostluq nə oldu?”

Simonyanın bu bəyanatlarını şərh edən Matviyenko demişdi ki, Ermənistan parlamentinin spikeri “bütün qırmızı xətləri” keçib:

"Həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: O bu bəyanatları kimin adından səsləndirib? Bu, dəqiq Rusiya ilə çoxəsrlik dostluğu olan erməni xalqının adından deyil. Biz bu sayaq rusofob çıxışlardan yan keçə bilmərik”.

Matviyenko senatorlardan Ermənistan spikerinin “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu göndərmələrini xahiş etmişdi.

Daha sonra Simonyan Matviyenkoya cavab vermişdi:

“Təəssüf edirəm ki, erməni və rus xalqları arasında dostluqdan danışarkən erməni soyqırımının adı bircə dəfə də çəkilmir. Dostluqdan dəm vuran həmkarlar ermənilərin soyqırımından heç nə yazmırlar. Bəs çoxəsrlik dostluq nə oldu?”

Buna da bax: Azərbaycan yeni təcavüzə doğru gedir - Ermənistan XİN

Paşinyan da elə bunu demişdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevral ayında Almaniyada erməni diasporasının nümayəndələri ilə görüşdə demişdi ki, Yerevan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil:

"Mən çoxdan demişəm ki, bu məsələdə Ermənistan Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bizim üçün çox ağrılıdır ki, bu situasiyaya təsir edə bilmirik. Ukrayna xalqı bizə dost xalqdır”.

Ermənistanın baş naziri vurğulamışdı ki, 1991-ci il tarixli Almatı Bəyannaməsi təkcə Ermənistana yox, həm də onu imzalamış bütün keçmiş Sovet İttifaqı respublikalarına, o cümlədən Rusiya və Ukraynaya da aiddir.

O demişdi ki, bu sənədi imzalayan respublikalar o vaxt üçün mövcud sərhədləri qarşılıqlı və hamılıqla tanıyıblar.