Almaniyadan dönən Şirin Tire haqda həbs qərarı ləğv edildi

Şirin Tire Abbasov

Almaniyaya mühacirət edib, orda oturum izini alan jurnalist Şirin Abbasovun (Tire) iyunun 14-də Azərbaycana qayıtdığı və elə hava limanındaca saxlandığı bildirilir.

Ş.Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb, o, axtarışa verilib. Bildirildiyinə görə, Nəsimi rayon Məhkəməsi onun haqqında qiyabi həbs-qətimkan tədbiri də seçib.

İyunun 15-də isə Ş.Abbasovun Binəqədi rayon Məhkəməsində hakim önünə çıxarıldığı bildirilir. Deyildiyinə görə, Baş Prokurorluğun İstintaq İdarəsindən onun barəsində həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı təqdimat verilib. Məhkəmə də həmin təqdimatı təmin edib, o, sərbəst buraxılıb.

Bundan sonra onun haqqında cinayət işinə xitam verilib-verilməyəcəyini aydınlaşdırmaq mümkün olmayıb. Məsələ ilə bağlı nə Baş Prokurorluq, nə də Ş.Abbasovun özü ilə danışmaq mümkün olub.

Ş.Abbasov Azərbaycana qayıtmazdan öncə iyunun 13-də AzadlıqRadiosunun müxbirinə açıqlama vermişdi. Demişdi ki, ən qısa zamanda Azərbaycana getmək fikrindədir. O, həmin vaxt Almaniyada yaşadığını söyləmişdi.

Ş.Abbasov həmin müsahibəsində sosial şəbəkələrdə onunla bağlı yer alan bəzi iddialara da münasibət bildirmişdi. Həmin iddialara görə, o, Almaniyada Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları ilə görüşüb və Bakıya razılaşma əsasında qayıdıb, bəzi müstəqil media qurumları ilə bağlı ifadə verəcək. Belə iddiaları yalanlayan Ş.Abbasov demişdi ki, Azərbaycanın Almaniyadakı səfirliyində olub: "Məqsədim ailəmlə görüşməkdir. Uzun müddətdir ailəmlə görüşməmişəm".

O, "üstünüzdə cinayət işi var, Bakıya getsəniz, həbs edilə bilərsinizmi" sualına isə belə cavab vermişdi: "Mənə görə, həbsdə olmaqla azadlıqda olmaq arasında ciddi fərq yoxdur. Zaman və məkan anlayışı insanın beyninin məhsuludur. Küçədə gəzməklə kimsə hesab edirsə ki, azadlıqdadır, bu onun gəldiyi qənaətdir. Bu, hər hansı problemlərə gətirib çıxararsa, legitim şəkildə onu həll etməyə çalışıram".

Bakıya qayıtdıqdan sonra onun məhkəməsində hansı ifadə verdiyi, hər hansı hüquq-mühafizə orqanında didirilib-dindirilmədiyi, hələlik, bəlli deyil.

Ş.Abbasov 2015-ci ilin sentyabrda Azərbaycanda inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu. O, həmin illərdə MeydanTV ilə əməkdaşlıq edirdi. Daha sonra jurnalist ölkədən gedərək Almaniyaya mühacirət etmişdi.

Məsələ ilə bağlı Almaniyanın rəsmi qurumları və Azərbaycanın həmin ölkədəki səfirliyi ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin noyabr ayından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.