Sisi 2030-cu ilədək Misirin prezidenti ola bilər

Misir millət vəkilləri hazırkı dövlət başçısı Abdul Fattah al-Sisinin 2030-cu ilədək prezident olmasına imkan verəcək qanun dəyişikliyi qəbul ediblər.

Sisi tərəfdarlarının çoxluq təşkil etdiyi parlament aprelin 16-da sözü gedən Konstitusiya dəyişikliyinə səs verib.

İndi bu qərar ümumxalq referendumuna çıxarılmalıdır.

Sisinin prezidentlik dövrü 2022-ci ildə başa çatır. O hazırda ikinci prezidentlik müddətindədir.

Buna da bax: Son 8 ilin ərəb üsyanları

Konstitusiyaya dəyişiklik təklifi Sisinin hazırkı prezidentlik müddətini 4 ildən 6 ilə artırır və ona növbəti seçkidə iştirak etmək hüququ verir.

Qanun dəyişikliklərindən biri də hərbiyyənin siyasətdəki rolunun artırılmasını nəzərdə tutur, bundan başqa prezidentə əlavə səlahiyyətlər tanıyır.

Sisi prezidentliyə 2014-cü ildə islamçı prezident Muhammad Morsi kütləvi etiraz aksiyaları nəticəsində devrildikdən sonra gəlib.

O ötənilki prezidnet seçkisində 97 faiz səslə qalib olub.

Beynəlxalq insan haqları təşkilatları Sisini fərqli düşüncə üzərinə hücumlara, on minlərlə insanın məhbus edilməsinə görə tənqid edir.