'Siyasi məhbuslara azadlıq' tələbi ilə aksiya olub

BMT-nin Bakı ofisinin qarşısında aksiya

İyunun 17-də Azərbaycanda bir sıra hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı bəzi şəxslərin yaxınları Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

xeberman.com saytının həbsdə olan rəhbəri, dövlətə xəyanətdə ittiham edilərək 16 il həbs cəzası alan Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, onların məqsədi Azərbaycandakı beynəlxalq qurumlara ölkədə 100 civarında siyasi məhbusun olduğunu çatdırmaqdır: "Onlar siyasi, jurnalist fəaliyyətinə görə şərlənərək həbsxanadadırlar".

Bu il Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra başqasına xəsarət yetirməkdə günahlandırılaraq həbs olunan Samir Aşurovun həyat yoldaşı da onun şərləndiyini qeyd edib: "Mənim həyat yoldaşım siyasi baxışlarına görə həbs edilib. Onun sağlamlığında problemlər var - şəkər xəstəsidir, ürəyi xəstədir, o, qapalı şəraitdə qala bilməz. Mən Samirin və digər siyasi məhbusların azadlığını tələb edirəm".

Ötən il Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra narkotikdə günahlandırılaraq həbs olunan Pünhan Kərimlinin atası isə bildirib ki, oğluna işgəncələr verilib: "Oğlum günahsızdır, amma hazırda həbsdədir. Almaniyadan deport olunanlardan oğlumdan başqa beş nəfər də həbsdədir. Onlar da günahsızdır. Biz onların azad olunmasını tələb edirik".

Aksiya insidentsiz başa çatıb.

Bu aksiyaya Azərbaycanın rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən saxlandıqdan sonra P.Kərimliyə işgəncə verilməsi ilə bağlı deyilənlər təkzib edilib.