“Siyasi partiyalar haqqında” qanun dəyişir, yaxşılığa doğru, yoxsa?

Milli Məclis

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur

Azərbaycan Milli Məclisində “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır.

Milli Məclisin Mətbuat xidmətinin məlumatına görə, parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri bu qanun layihəsinin hazırlanması ilə bağlı spikerə müraciət ediblər və layihənin hazırlanmasına artıq start verilib.

Açıqlamaya görə, bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur.

“Yeni siyasi reallıqlar yaranır”

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov “Turan” İnformasiya Agentliyinə bildirib ki, sözügedən yeni qanunun qəbul edilməsi heç bir halda təsadüf sayıla bilməz:

“Çünki Azərbaycan sürətlə inkişaf edir, yeni siyasi reallıqlar yaranır. Ali Baş komandanımızın rəhbərliyi altında yenilməz ordumuz tarixi ədaləti bərpa etdi və biz dünyada artıq yeni reallıqları yaratmış olduq. Belə vəziyyətdə bütün sahələrdə artıq dəyişikliklər baş verməkdədir, çox ciddi islahatlar kursu həyata keçirilir”.

Deputatın sözlərinə görə, siyasi sisteminin vacib elementi olan siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzlər:

“Hesab edirəm ki, bizim üçün əsas siyasi partiyaların sayı deyil. Ən əsas məsələ keyfiyyətdir. Aparıcı dünya dövlətlərində bir neçə siyasi partiya ölkənin abu-havasını müəyyən edir”.

Buna da bax: Avropa Şurası ilə planlar Azərbaycana nə verib, nə verməyib…

“Azərbaycanda yeni siyasi mədəniyyət formalaşıb”

Onun fikrincə, bu reallıqıar nəzərə alınmalıdır və sağlam siyasi mübarizə olmalıdır:

“Hakim partiya var, ana müxalifət partiyası, digər siyasi partiyalar olmalıdır. Elə bir sistem formalaşmalıdır ki, bütün partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılsın. Bu imkanları dövlətimiz yaradıb və onların daha da genişləndirilməsi əsas hədəflərdən biridir”.

YAP təmsilçisi qeyd edib ki, yeni qanun hazırlanarkən bu reallıqlar nəzərə alınacaq:

“Azərbaycanda yeni siyasi mədəniyyət formalaşıb, siyasi dialoq mühiti yaranıb. Bunu nəzərə alsaq, “Siyasi partiyalar haqqında” qanuna baxılması çox önəmlidir”.

“Bizim gözləntimiz liberallaşdırmadır”

Milli Məclisdə azlıqda olan REAL Partiyasından (cəmi 1 deputatları var) deputat Erkin Qədirli isə deyib ki, qanun layihəsinin payız sessiyasına qədər hazırlanması gözlənilir:

“İndiki qanun 1992-ci ilin qanunudur. Həmin qanun düzgün tədbiq olunsaydı onunla da yaşamaq olardı. Amma prinsip etibarilə köhnəlmiş məqamlar da var orda. O vaxtdan bu yana seçki sistemi, bir neçə qanunvericilik dəyişilib, amma “Siyasi partiyalar haqqında” Qanun eyni şəkildə qalıb”.

Deputat qeyd edib ki, orada partiyanın qeydiyyatı, seçkilərdə iştirakı, daxili quruluşla bağlı məqamlar yer tapa bilər:

“Partiya olaraq bizim gözləntimiz liberallaşdırmadır, bunun üçün normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Siyasi səhnənin keyfiyyətcə yenilənməsi, açılması ehtiyacı var”.

Buna da bax: Siyasi partiyalar nə qədər qazanır?

“…Yeni bir qanun layihəsi ilə çıxış edəcəyik”

Parlamentdə təmsil edilməyən Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna deyib ki, müxtəlif qanunların zaman-zaman dəyişdirilməsi, təkmilləşdirilməsi normal bir haldır:

“Ancaq təəssüf ki, Azərbaycanda istər Konstitusiya, istərsə də qanun dəyişiklikləri bir qayda olaraq mürtəce xarakter daşıyır. Referendumlar, demokratik institutlarla, azadlıqlarla əlaqədar qanun layihələrində hər hansı dəyişikliklər baş veribsə bu, həmişə gerçək müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq məqsədini daşıyıb”.

O, indi də nəzərdə tutulan dəyişikliklərdən pozitiv nəticə gözləmədiyini qeyd edib:

“Ancaq hər halda biz bu məsələni müzakirə edəcəyik və Müsavat Partiyası bu məsələ ilə bağlı qərarlar qəbul edəcək. Əgər ümumi bir qərar qəbul olunsa, qanun layihəsinə əlavə və dəyişikliklərlə və ya yeni bir qanun layihəsi ilə çıxış edəcəyik”.