Jirinovski teledebatda Sobçaka ‘qancıq’ deyib

YouTube görüntüsündən kadr

Prezidentliyə namizədlərin Rusiya televiziyası ilə yayınlanmış debatında Vladimir Jirinovski və Kseniya Sobçak toqquşublar. Sobçak Jirinovskinin üzünə su çırpdıqdan sonra, ifrat millətçi partiya lideri ona “qancıq” deyib.

Bu debat Rossiya dövlət kanalında fevralın 28-də efirə gedib.

İki toqquşan tərəf arasında gərginlik hələ üçüncü namizəd – Sergey Baburinin danışdığı vaxt artmağa başlamışdı.

Jirinovski Baburinin sözünü kəsəndə Sobçak Jirinovskini məzəmmət edib. Bundan qəzəblənən Jirinovski çox sərt bir dildə Sobçakın üstünə hücum çəkib.

Sobçak ondan “qadınla belə danışmağı doğrudanmı normal hesab etdiyini” soruşub.

Sobçak stəkandakı suyu Jirinovskinin üzünə çırpdıqdan sonra millətçi namizəd təhqirə keçib.

Bu debatdan 20 saniyəlik epizod YouTube kanalına yerləşdirilib:

Debat zamanı Sobçak Jirinovskiyə xatırladıb ki, onun Liberal Demokratik Partiyasından olan Leonid Slutskiyə qarşı seksual qısnama ittihamları irəli sürülüb. O Sobçakdan ittihamlarda səslənən səhnəni gözü ilə görüb-görmədiyini soruşub.

Rəsmən xarici siyasət məsələlərinə həsr edilmiş bu debat fevralın 27-də yazılıb və efirə fevralın 28-də verilib.

Bu debatda Vladimir Putindən başqa bütün namizədlər iştirak edib.