Kənan Nəcəfov və Zaur Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bununla bağlı avqustun 11-də Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Hazırda SOCAR-ın İdarə Heyətinin bu şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarət olduğu bildirilir.
Bundan əvvəl isə qurumda 14 vitse-prezidentin olduğu qeyd edilirdi.
Amma Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Dövlət Neft Şirkətinin dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalamışdı.Sərəncamlara əsasən, David Niyazi oğlu Məmmədov şirkətin emal üzrə vitse-prezidenti, Tofiq Ridvan oğlu Qəhrəmanov strateji inkişaf üzrə vitse-prezidenti, Bəhram Bəhlul oğlu Hüseynov geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti və Mikayıl İsmayıl oğlu İsmayılov da vitse-prezident vəzifəsindən azad edilmişdilər.
Xatırlatma
SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.
Prezident İlham Əliyev bu il yanvarın 23-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb. Onun ötən ili ziyanla başa vurduğu bildirilir. 2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64.2, cari aktivləri 18.3, uzunmüddətli aktivləri isə 45.9 milyard manat qiymətləndirilib. Rəsmi açıqlamaya görə, cari öhdəlikləri 20.6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21.6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalının 21.9 milyard, nağd pul vəsaitlərinin 6.2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbətinin isə 66 faiz təşkil etdiyi açıqlanıb.