SOCAR İsraildə kəşfiyyat işləri aparacaq

"Energean" qazma gəmisi Aralıq dənizinin şərqində İsrailin şelfində yerləşən "Kariş" təbii qaz yatağında.

"Energean" qazma gəmisi Aralıq dənizinin şərqində İsrailin şelfində yerləşən "Kariş" təbii qaz yatağında.

İsrail BP, SOCAR və yerli "NewMed Energy" şirkətlərinə İsrail sularında təbii qaz axtarışı aparmaq üçün lisenziyalar verib.

Bununla bağlı İsrailin Enerji və İnfrastruktur Nazirliyi məlumat yayıb. Lisenziya bu gün, martın 17-də İsraildə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova bu ölkənin enerji və infrastruktur naziri Eli Koen tərəfindən təqdim olunub.

İsrail daxili qaz ehtiyatlarını artırmaq və ixracı genişləndirmək istəyir.

"Təbii qaz bütün dünyada, xüsusən də Yaxın Şərqdə iqtisadi və diplomatik mövqeyimizi gücləndirən strateji sərvətdir. Buna görə də biz təbii qaz hasilatını həm daxili bazar, həm də ixrac üçün genişləndirməyə çalışırıq, xüsusən də bu dövrdə", - Koen bildirib

"Reuters"in xəbərinə görə, 2023-cü ildə bu üçlük dördüncü lisenziya raundunda iki dəniz blokuna birlikdə təklif verib.

"Leviathan" yatağı yaxınlığındakı "Klaster I" adlanan ərazi üçün verilən lisenziyalar çərçivəsində SOCAR kəşfiyyat konsorsiumunun operatoru kimi çıxış edəcək. BP ilk dəfə İsrailin təbii qaz sektorunda fəaliyyət göstərəcək. "NewMed Energy" isə artıq "Chevron" (CVX.N) tərəfindən idarə olunan nəhəng "Leviathan" dəniz yatağının ən böyük payçısıdır.

Hər bir şirkət lisenziyalardakı hüquqların təxminən üçdə birinə sahib olacaq.

"Klaster I" İsrailin iqtisadi sularının şimal hissəsində, Aralıq dənizində yerləşən 1700 kvadrat kilometrlik bir ərazidir. Konsorsium kəşfiyyatın birinci mərhələsində seysmik və geoloji tədqiqatlar aparacaq, ikinci mərhələdə isə tədqiqat nəticələrinə əsasən qazma işləri həyata keçiriləcək.

İsrailin Energetika Nazirliyi əlavə lisenziyaların verilməsinin gözlənildiyini və bu ilin sonlarına doğru beşinci tender raundunun planlaşdırıldığını açıqlayıb.