Sorğu: Şotlandiyada müstəqillik tərəfdarları artır

Şotlaniyanın Aberdin şəhərində balaca müstəqillik tərəfdarı

Britaniyada çıxan Daily Mail qəzeti yazır ki, şotland millətçilərinin lideri Nicola Sturgeon-un Şotlandiya parlamentində yenə də mandat çoxluğuna malik olmaq əzmində olduğu bir vaxtda bu bölgənin Birləşmiş Krallıqdan ayrılmasına tərəfdar olanların faizi rekord həddinə çatıb.

Britaniyanın YouGov ictimai rəyi öyrənmə firmasının keçirdiyi son sorğuda “bilmirəm” deyənləri çıxmaq şərtilə rəyi soruşulanların 53 faizi müstəqilliyə tərəfdar olduğunu bildirib.

Britaniya krallığının tərkibində qalmaq istəyənlərin faizi bu sorğuya görə 47 faizdir.

Beləliklə, sorğuya görə yanvar ayından bu yana müstəqillik istəyənlərin payı 2 faiz də artıb.

Bu arada respondentlərin 57 faizi Şotlandiya parlamentinə seçkidə şotland millətçilərinin SNP partiyasına səs verəcəyini bildirib.

Buna da bax: Rusiya Şotlandiyada səsverməyə ‘müdaxilə edib’

Şotlandiyada daha bir müstəqillik referendumu keçirilə bilər

Ekspertlərin fikrincə, bu vəziyyət xanım Sturgeon-a qarşıdan gələn aylarda yeni müstəqillik referendumu keçirilməsi üçün mandat verə bilər.

The Times qəzeti üçün keçirilmiş rəy sorğusunun nəticələri baş nazir Boris Johnson üçün yaxşı xəbər deyil.

Bu o deməkdir ki, Johnson Britaniyanın bütövlüyünü qoruyacağına qarantiya versə də, separatçılıqla mübarizədə perspektivlər London üçün ürəkaçan deyil.

Daily Mail yazır ki, son vaxtlar keçirilmiş başqa rəy sorğuları da Şotlandiyada müstəqilik tərəfdarlarının artdığını göstərir.

Bir sıra şərhçilər bunu xanım Sturgeon-un koronavirusla uğurla mübarizəyə görə nüfuzunun artması ilə izah edirlər.

Buna da bax: İndi Britaniya Avropa İttifaqından ‘rahatca’ çıxa və parçalana bilər

Bu da Breksitin “xeyri”

YouGov şirkətinin başqa bir sorğusunun nəticələrinə görə onun hazırkı reytinqi müsbət 29-dur. Halbuki bu rəqəm bircə il əvvəl 5 idi.

Eyni zamanda Britaniya baş naziri Boris Johnson-un reytinqi son 12 ayda 16 bal düşüb və hazırda mənfi 42-dir.

Sorğu habelə Şotlandiya Millətçi Partiyasına dəstəyin apreldən bəri 3 bal artaraq 57 faizə çatdığını göstərib.

Belə meyllər London hökumətini ciddi narahat edir. Hökumətdə ikinci şəxs olan maliyyə naziri Rishi Sunak mərkəzi hökumətin Şotlandiyaya maliyyə dəstəyi barədə məlumat vermək üçün bu bölgəyə ezam olunub.

2014-cü ildə “nəsildə bir dəfə” keçirilən Şotlandiya müstəqilliyi referendumunda şotlandların 55 faizi Birləşmiş Krallığın tərkibində qalmağa səs vermişdi.

Lakin 2016-cı ildə Britaniyada keçirilmiş Avropa İttifaqı referendumunda Breksit nəticəsi alındıqdan sonra Şotlandiyada krallığa münasibət sürətlə dəyişir.

Britaniya bu referendumda Avropa İttifaqından çıxmağa səs versə də, şotlandların əksəriyyəti ittifaqda qalmağa səs vermişdi.