Ekspert: 'Bunlar sosial evlər deyil, dövlət bundan gəlir götürmək məqsədi güdür'

Arxiv fotosu

Niyaməddin Əliyev beş ildir ki, ailə qurub. Beş ildir kirayədə yaşayır. Yoldaşı da, o da işləyirlər, amma dediyinə görə, ikisinin maaşı bir yerdə 800 manat etmir. Onlar gözlərini hökumətin elan etdiyi sosial evlərə diksələr də, yaşları qırxı ötdüyündən “gənc ailə” kimi bu şansdan yararlanmaq imkanları yoxdur: “Hər halda, bizə deyilən cavab belə oldu. Ona görə ipoteka ilə maraqlandıq. Bizim bəyəndiyimiz mənzili almaq üçün ayda təxminən 400-500 manat ödəməliyik. Biz o qədər maaş almırıq, axı. İki övladımız var, onun təhsili, geyimi, yeməyi, əyləncəsi, bundan başqa xeyrimiz-şərimiz var. Bunları hesablayanda gördük ki, sərf etmir. Üstəlik də bir neçə il gərginlik, stress və məhrumiyyət içində yaşamalısan ki, mən ipotekanı ödəyə bilim, işimi itirməyim. Ömürsə o qədər qısadır ki...”

İqtisadçı ekspert Qadir İbrahimli bu cür qaydaları absurd sayır. “Ola bilsin, insanın 50 yaşı var, evi yoxdur. Belə çıxır ki, adam ömrünü kirayələrdə başa vurmalıdır? Və ya bu insanın gəliri ev almağa çatmayacaqsa ev almamalıdır? Belə deyək də, hökumət bu təbəqəni Allahın ümidinə buraxır”, – iqtisadçı bildirir.

Buna da bax: İki sosial bina 6,1 mln. manata başa gələcək

“Ən azı elmlər doktoru, hərbçi olmalısan, ya da...”

Ötən ilin noyabrında təsdiqlənən qaydalara görə, İpoteka Fondunun vəsaiti hesabına güzəştli ipoteka ala bilən şəxslər yaşı 35-dən yuxarı olmayan gənc ailələr, ən azı 3 il dövlət qulluğunda işləyən, 5 il ümumtəhsil məktəbində çalışan müəllim və yaxud fəlsəfə doktoru, məcburi köçkün, Milli Qəhrəmanlar, idman sahəsində xüsusi nailiyyətləri olanlardır.

Niyaməddin Əliyev kimi yaşı yuxarı olanlar da güzəştli mənzil ala bilərlər. Bunun üçün o ya ən azı 15 il dövlət qulluğunda çalışmalı, ya elmlər doktoru olmalı, ya da ən azı 3 il hərbi xidmət keçməli, daxili işlər orqanlarında, ya da 3 il elmi vəzifədə çalışmalıdır.

Buna da bax: Köçkün: 'İlin 9 ayı bitdi, hanı evlər?'

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev yerli mətbuata gələcəkdə bu kateqoriyalara yenidən baxıla biləcəyini istisna etməyib. Amma onun sözlərinə görə, bunun üçün həm tələbatla bağlı araşdırma aparılmalıdır, həm də kifayət qədər mənzil inşa edilməlidir.

İqtisadçı Natiq Cəfərli deyir ki, əksinə Azərbaycanda sosial evlərə tələbat çox, sadəcə, təklif çox azdır: “Azərbaycan kimi mənzilə çox ehtiyac olan ölkədə bu tipli layihələr çərçivəsində ildə 10-20 min mənzil istifadəyə verilməlidir ki, layihə gözəgörünəsi, hiss olunacaq effekt versin. Hələliksə, bir neçə binadan söhbət gedir. Üstəlik, bəlli deyil davamı olacaqmı? Mütəmadi dövlət buna vəsait ayıracaqmı?”

Buna da bax: Hövsanda sosial evlərin tikintisinə hazırlıq başlandı

Rusiyada dövlət 6 faizdən yuxarı olan ipotekanı özü ödəyəcək

Azərbaycanın qonşusu olan Rusiyada isə gələn ildən ikinci və üçüncü uşağı olan ailələrin götürdükləri ipoteka kreditləri 6 faizdən yuxarı olduqda bunu dövlət ödəyəcək. Bu məqsədlə ipotekanın faiz dərəcələrinin dövlət tərəfindən ödənilməsi (subsidiyalaşdırılması) proqramı işə düşəcək. Prezidenti Vladimir Putin deyib ki, yaxın beş il ərzində bu proqram 500 mindən artıq ailəni əhatə edəcək.

Bəs Azərbaycanda durum necədir? Bugünlərdə AzadlıqRadiosu-na danışan deputat Fuad Muradov demişdi ki, hökumət aztəminatlıların mənzil məsələsinin həllinə çalışır: “Bu yaxınlarda sosial mənzillərin tikintisi ilə bağlı qurum da yaradıldı. Bir məsələ xüsusi diqqətdə saxlanılır, sosial mənzillər tikiləndən sonra aztəminatlılar onları ala bilsinlər, bu məqsədlə ipoteka üçün vəsait də ayrılıb. Mənzil məsələsi çox vacibdir”.

Buna da bax: Sosial binaların tikintisi üzrə müqavilələrin qiyməti açıqlanıb

“Sosial ev deyil, kommersiya layihəsidir”

İqtisadçı Qadir İbrahimlinin qənaətincə, Azərbaycanı heç bir ölkəylə müqayisə etmək düzgün deyil, çünki ölkədə son zamanlar, az qala, bütün “sosial güzəştlər ləğv edilməkdədir”. O ki qaldı, sosial evlərə, iqtisadçı deyir ki, “bu da sosial evlər deyil, kommersiya tipli layihələrdir, dövlət bu layihədən gəlir götürmək məqsədi güdür.

İqtisadçının sözlərinə görə, sosial evlər vətəndaşa satılmamalıdır, simvolik qiymətə kirayə verilməlidir, tutalım, ayda 20-30 manata:

“Bu evlər aztəminatlı ailələrə bazar qiymətindən cəmi 20 faiz ucuz təqdim edilir. Bu 20 faiz endirimə, az qala, bütün tikinti şirkətləri gedir. Ona görə dövlət vəsaiti hesabına mənzil tikməyə ehtiyac yox idi. Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 520 manatdır. Ancaq bir nəfərin minimum ehtiyac meyarı, yəni acından ölməmək üçün ehtiyacı olan məbləğ 120 manatdır. Bunu da dörd nəfərlik ailə üçün hesablayanda təxminən 500 manat edir. Beləliklə, 400-500 manat maaş alan təbəqə həmin pulu fiziki mövcudluğunu qorumağa xərcləyir. Belə olan halda həmin insanlar necə gedib ayda 200-300 manat ödəniş edə bilərlər?..”

Buna da bax: Jurnalistlərə hə, başqa peşə sahiblərinə yox? [video]

“Gözdən pərdə asmaq üçündür”

İqtisadçı Natiq Cəfərli deyir ki, sosial evlər ideya olaraq yaxşı olsa da, Azərbaycanda indilik bu, daha çox gözdən pərdə asmağa xidmət edir, hələlik ciddi nəticə yoxdur:

“Dünya təcrübəsi göstərir ki, bu cür ideyaların həyata keçirilməsi ilə dövlət məşğul olanda nəticə daha səmərəli olmur. Bir çox ölkələrdə dövlət sadəcə, sifarişçi rolunda çıxış edir, açıq tenderlər keçirilir, burda bir neçə şirkət iştirak edir, Azərbaycanda da belə olmalıdır. Azərbaycanda görünən budur ki, layihə gözdən pərdə asmaq üçün, sanki “bunu da etdik” görüntüsü yaratmaq üçündür. Sosial mənzillərə çıxış imkanları şəffaf deyil, faizlər yüksəkdir”.

AzadlıqRadiosu bu deyilənlərlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyindən mövqe almağa çalışsa da, bu mümkün olmayıb.