Hadı Rəcəbli: 'Biz hər deyilən fikrə görə addım atmırıq'

Hadı Rəcəbli

«Mən bu sənədi çox yüksək qiymətləndirirəm. Bu, sahibkarlığa dəstəkdir. Uzun müddət həllini tapmayan borclar yığılıb. Bu addım bir sıra sahibkar qurumlarının problemlərini həll edəcək», – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli prezident İlham Əliyevin parlamentə göndərdiyi qanun layihəsini AzadlıqRadiosuna şərh edərkən belə deyir.

Layihə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında»dır. Prezident 2006-cı ilin yanvarın 1-nə yaranmış və bu il aprelin 1-ə qədər ödənilməmiş sosial sığorta sahəsində borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edir.

Qanun layihəsi fevralın 20-də Milli Məclisin komissiyalarında müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə edilib.

«Bu, borcunu ödəyənlərə haqsızlıqdır»

«Bu məsələyə iki yöndən yanaşmaq olar. Pozitiv tərəfi budur ki, onsuz da ödənilmədiyi üçün həmin borclar silinməlidir. Amma pis tərəfi odur ki, son 12 ildə vaxtlı-vaxtında sosial xərclərini ödəyən vətəndaşlar, fiziki və hüquqi şəxslər unudulur», – iqtisadçı Natiq Cəfərli isə layihə haqda belə düşünür.

Natiq Cəfərli

Onun qənaətincə, layihə pis bir mesaj verir: «Bu, dəfələrlə belə olub. Belə çıxır ki, bu ölkədə pis vergi ödəyicisinə, pis kommunal xərclər ödəyicisinə həmişə güzəşt var, onların borcları silinir. Bütün ödənişlərini vaxtlı-vaxtında edən fiziki və hüquqi şəxslərə, vətəndaşlara isə heç bir güzəşt olmur. Pis tərəfi budur və pis tərəfə təşviq edir. Sanki bir mesaj verir ki, «borclarınızı ödəməsəniz də olar, bir müddət sonra onsuz da silinəcək». Əslində, ikili mexanizm işlənməli idi. Borcların silinməsi ilə yanaşı, bugünədək ödəmələrdə gecikməsi olmayan fiziki və hüquqi şəxslərə də güzəştlər tətbiq edilməli idi. Məsələn, birillik ödənişlərdən azad edilə bilərdi və s. Bu, daha məntiqli yanaşma olardı. Ancaq bu borcların silinməsi sosial sığorta ödəyənlərə bir haqsızqlıqdır».

N.Cəfərli hakimiyyətin «illərdir kağız üzərində yığılan» borcları bağlamasının həm də seçkiöncəsi təbliğata hesablandığını düşünür:

«Biznesin, hüquqi və fiziki şəxslərin üzərindən bu yükün götürülməsi normal addımdır. Zatən bu borc qayıtmayacaq. Ancaq seçkidən öncə bu addımın atılması isə təbliğat və təşviqat addımı kimi də qiymətləndirilə bilər».

«O borc silinməsə nə olacaqdı ki?»

İqtisadçı Nemət Əliyev sözügedən borcların böyük hissəsinin kağız üzərində yarandığını və bunun daha çox fəaliyyətini dayandırmış qurumlara aid olduğunu deyir:

«Çox böyük ehtimalla həmin borclar bağlanmış, fəaliyyətini dayandırmış, hər hansı səbəbdən işçilərinin böyük hissəsini öz hesabına məzuniyyətə göndərmiş müəssisə və təşkilatların adına yazılmış borclardır. Yəni məsələnin o tərəfinə aydınlıq gətirilməlidir ki, borclanmış müəssisələrin ortalıqda gerçək fəaliyyəti varmı? Gerçək fəaliyyət yoxdursa, o zaman onu borc kimi rəsmiləşdirmək, sonradan da həmin borcların silinməsi kimi şou yaratmaq yersizdir».

Nemət Əliyev

İqtisadçı sual edir: «Həmin borclar silinməsə, nə olacaqdı?». Bu suala özü də cavab verir: «Müəssisə və təşkilat fəaliyyət göstərmirsə, işini dayandırıbsa, Sosial Müdafiə Fondu tərəfindən o qədər borc məbləği yazsınlar ki. Onsuz da o ödənməyəcək».

N.Əliyev borcların silinməsini məqbul saysa da, başqa bir məqama diqqət yönəldir: «Bu addım həmin müəssisə və təşkilatların fəaliyyətinə təkan olacaqmı? Bu baxımdan düşünürəm ki, sənəd yarımçıqdır. Bir borcu silməklə iş bitmir. Həmin qurumların fəaliyyətinin canlanması, onların işinə əngəl yaradan səbəblərin aradan qaldırılması daha önəmlidir. O müəssisə və təşkilatlarda canlanma olsun, işçilər işlərinə qayıtsınlar və həm də dövlətin büdcəsinə, Sosial Sığorta Fonduna ödəmələr etsinlər ki, əhalinin sosial həyatı yaxşılaşsın».

Hadı Rəcəbli: «Ona qalsa...»

«Ona qalsa, çox şey düşünmək olar. Biz hər deyilən fikrə görə addım atmırıq». YAP-çı deputat Hadı Rəcəbli layihəni tənqid edənlərə belə cavab verir. Sənədin sosial sığorta ödəyicilərinə «pis bir mesaj» olması haqda N.Cəfərlinin dediklərinə isə belə cavab verir:

«Burda söhbət 2006-cı ildən yığılan borclardan, milyonlarla vəsaitdən gedir. Azərbaycan dövlətçiliyi, sahibkarlığı üçün çox önəmli bir sənəddir. Ümidsiz borcların bağlanması sahibkarlardan ürəkli işləməyi tələb edir. Bizim əsas sığorta ödəyicilərimiz borclarını ödəyirlər. Ortada obyektiv səbəblər var. O cür düşünən adamlar cəmiyyətdən və ümumi işlərdən xəbəri olmayan adamlardır. Bizdə bəzən müəssisələr birləşir, ləğv olunur, belə tipli problemlər var və bu qanun layihəsi sayəsində onlar öz həllini tapacaq». Söhbəti davam etdirmək istəməyən komitə sədri layihə haqda ancaq bunları deyir və fikirlərinin kontekstdən çıxarılmasını istəmir.

APA-nın məlumatına görə, qanun layihəsi barədə danışan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. Onun sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9.4 dəfə artıb. İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək 364 mln. manatdan çoxdur. Nazir müavini vurğulayıb ki, bunun da 282.6 milyon manatı əsas borclar, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.