Sovet aktyorları kinodan nə qazanırdı

"Mimino". 1978

Rusiyanın proza.ru saytı sovet dövründə, xüsusilə də kino istehsalının yüksəlişdə olduğu 1960-90-cı illərdə məşhur aktyor və rejissorların nə qədər pul qazandığı ilə maraqlanıb.

Yazıda deyilir ki, SSRİ-də 1970-ci illərin sonlarından ta 1991-ci ilədək əsas gündəlik tələbat mallarının sabit qiyməti var idi. Ölkə dörd zolağa bölünmüş, bu qiymətlər də müttəfiq respublika, yaxud ərazinin hansı zolaqda yerləşməsindən asılı idi. Uzaq Şimal və bəzi başqa ərazilər bu qaydaya tabe deyildi.

Buna da bax: Seymur Baycan: 'Sovet insanı hind filmlərini niyə sevirdi?'

Üç kateqoriya

Məsələn, paytaxt Moskvanın da aid olduğu ikinci zolaqda bir baton ağ çörək 18 qəpik, bir kiloqram "doktorskaya" kolbasası 2 manat 90 qəpik, 1 litr süd 36 qəpik, metroya girişsə 5 qəpik idi. Orta əməkhaqqı ayda 160, aylıq təqaüd cəmi 40 manat idi. Sıravi teatr aktyoru ayda 80 manat maaş ala və illərlə səhnəyə çıxmaya bilərdi.

İstehsal olunan filmlər üç kateqoriyaya bölünürdü. Məqalə müəllifi yazır ki, ən yüksək kateqoriyalı filmlərdə oynanılan rollara görə böyük qonorarlar verilirdi.

Kinostudiya işçisi olan aktyorlara 60 – 450 sovet manatı məbləğində məvacib ödənirdi. Məvacibin həcmi işçinin çəkilişlərdəki məşğulluq səviyyəsindən asılı idi. Çəkilişlərarası dövrdə daha az maaş ödənirdi. Baş və əsas rolların ifaçılarına isə yüksək mükafat verilirdi. Bu, çox vaxt 1 min – 2 min manat həcmində olur, filmin ideya formatından asılı olaraq 10 faizlik əlavə ilə birlikdə ödənirdi. SSRİ-də işinə böyük tələbat olan aktyorlar bir film quruluşundakı işlərinə görə 5 min manata qədər ödəniş ala bilərdilər.

Buna da bax: Sovet senzurasının böyük ekrana buraxmadığı 10 film

100 milyon manata yaxın kredit

Sovet kino aktyorları milyonlarla dollarlıq qonorarlar və hər baxışa görə əlavə faizlər haqda heç düşünə də bilməzdilər. Çünki onların əməyinin əvəzini yalnız dövlət ödəyə bilərdi. Əlbəttə, eyni dövrdə Qərb kino aktyorlarının gəlirləri fonunda sovet aktyorlarının maaşları çox cüzi görünür. Ancaq digər tərəfdən, baş rol ifaçılarının gəlirləri ölkədəki orta əməkhaqqından dəfələrlə yüksək idi. Hətta "ikinci dərəcəli" aktyorların qonorarları da az deyildi.

Dövlət çəkiliş planları ilə əmək haqlarının uyğunlaşdırılmasını tələb etsə də, kinostudiyalar rentabellilik prinsipi ilə işləyirdi. Başqa sözlə, plan iqtisadiyyatının qaydaları ilə bazar iqtisadiyyatının tələbləri uzlaşırdı.

Dövlət Kino Birliyi (Qoskino) SSRİ Dövlət Bankından (Qosbank) 100 milyon manata yaxın kredit götürürdü. Bu məbləğ ayrı-ayrı studiya və filmlər arasında paylaşdırılırdı. Ayrılan məbləğ dekorasiyalar, kostyumlar, quruluş xərcləri, ssenaristlər, rejissorlar, xidmət personalı, birinci və ikinci dərəcəli aktyorların və kütləvi səhnələrin ödənilməsinə yetməli idi. Hazır film təsdiq olunandan sonra Dövlət Kinoprokat Birliyinə (Qoskinoprokat) satılırdı. Kassa yığımları dövlət kreditinin qaytarılmasına və yeni layihələrin maliyyələşdirilməsinə xərclənirdi.

Buna da bax: Sovet isterni – 'Möhtəşəm 7-lik'dən '7 oğul istərəm'ədək

Sabit əməkhaqqı

O dövrdə yaşamamış insanlar düşünə bilər ki, filmin gəliri nə qədər çox olsa, çəkiliş qrupu da o qədər çox qazanırdı. Ancaq qətiyyən belə deyildi. SSRİ-də aktyorlar ştat cədvəli üzrə müəyyən edilmiş sabit əməkhaqqı alırdılar. Çəkilmiş filmin populyarlıq qazanmasına görə əlavə pul mükafatlarının və hər nümayişə görə faizlərin alınmasından söhbət də gedə bilməzdi.

Bəzi aktyorlar, əsasən, teatrlarda çalışır, kinoya isə əlavə gəlir üçün çəkilirdilər. Bəzi kinostudiyaların əməkdaşları da eynilə bu qaydada, əlavə məvacib müqabilində vaxtaşırı tamaşalarda oynaya bilirdilər. Teatr əməkdaşlarına verilən məvacib onların fəxri adlarından da asılı idi. Görkəmli incəsənət xadimləri, SSRİ Xalq artistləri 300 – 350, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, respublikaların Əməkdar artistləri, akademik teatrların aktyorları 250 -300 manat əməkhaqqı alırdılar.