Sizin brauzer HTML5-i dəstəkləmir
Tərtərin Buruc kəndindəki bir evin qapısı tez-tez döyülür. Bura rəsmilər, elm adamları da gəlir, sadə fermerlər də. Kimi sadəcə görmək, nəyisə öyrənmək istəyir, kimi isə məhsul almaq. Maraqlı mövzu axtaran mətbuat nümayəndələri də tez-tez bu evdən reportaj təqdim edir. Vaxtilə «Şəfəq» adına kolxozun anbar binası olmuş tikilinin «sakinləri» insanlar deyil, soxulcanlardır. Tikilinin giriş qapısı önündəki lövhədə elə belə də yazılıb: «Soxulcan evi»...
QURD AMERİKANIN, XEYRİ BİZİM
Buruc kəndinin sakini Füzuli Yusifov ailə üzvləri ilə birlikdə son 10 ildə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğuldur. Buna isə biohumus vasitəsilə nail olub. O, əvvəlcə biohumus və onun əhəmiyyəti barədə məlumat verir: «Hazırkı dövrdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ekoloji təmiz məhsul əldə etmək üçün üzvi gübrələrdən istifadə edilir. Bu gübrələrin içərisində qida elementləri ilə daha çox zəngin olanı biohumusdur. Biohumus üzvi tullantılarla qidalandırılan qırmızı Kaliforniya soxulcanlarının ifrazatından əldə olunur. Onu «bioloji-aktiv gübrə» və ya «soxulcan peyini» adlandırırlar».
Torpaq soxulcanları ilə bağlı uzun müddət tədqiqat aparan amerikalı biznesmen Heqq Karter ötən əsrin ortalarında ilk dəfə olaraq biohumusun sənaye istehsalını yaradıb. Çox keçməyib ki, qırmızı Kaliforniya soxulcanları dünyanın bir çox ölkələrinə daşınıb. Müsahibimizin deməsinə görə, soxulcan və onun «üyütdüyü» peyinin Tərtərin Buruc kəndinə gəlib çıxmağında qeyri-hökumət təşkilatlarının yardımı olub: «Əvvəlcə Gürcüstanda bu işlə məşğul olan təşkilatla əlaqə saxladıq. Bir layihə çərçivəsində oradan soxulcan peyini gətirərək ekoloji təmiz məhsul istehsal etməyə başladıq. Həmin məhsulların satışını təşkil etmək üçün Bərdə bazarında «eko-köşk» yaratdıq. Burada il ərzində təxminən 10 ton məhsul satılırdı. Ekoloji təmiz məhsulun alıcıları artmaqla yanaşı, onu istehsal etməyə maraq göstərənlər də çoxalırdı. Bu isə biohumusun özümüz tərəfindən istehsalını şərtləndirirdi. Bizə bu işdə Amerikanın «Sülh» Korpusunun Azərbaycandakı nümayəndəliyi dəstək verdi».
SOXULCAN PEYİNİ İLƏ İLDƏ 10 MİN MANAT QAZANILIR
Artıq Azərbaycanda da biohumus istehsal edən ixtisaslaşmış müəssisələr yaranmağa başlayıb. Füzuli Yusifov deyir ki, işə başlamazdan əvvəl Bakının Şüvəlan qəsəbəsində yerləşən «AgroBioEkoTex» müəssisəsinə gedib, onların bu sahədəki təcrübəsi ilə yaxından tanış olublar. Elə damazlıq qurdu da bu müəssisədən əldə ediblər.
Buruc kəndindəki «Soxulcan evi»ndə hazırda 300 kiloqram qurd saxlanılır və burada ildə 30-40 ton biohumus istehsal olunur. Füzuli Yusifov bu işi öz ailə üzvləri ilə gördüyünü deyir: «Əsas işimiz kompostun hazırlanmasıdır. Bundan ötrü bitki qalıqları, mal peyini, müxtəlif məişət tullantıları bir yerə yığılıb çürüntü halına gətirilir. Bu yığın daim nəmləndirilir, 18-20 gündən bir olmaqla, üç dəfə qarışdırılır. Ən çox fiziki əmək tələb edən elə bu qarışdırmadır. Biz, hələ ki, bunu mexanikləşdirilmiş səviyyədə yerinə yetirə bilmirik. Amma elə aqreqatlar var ki, kompostlaşdırılmış tığları özləri çevirir və sulayır. Bundan başqa, çürümə prosesini sürətləndirmək üçün antibakterial preparatlardan istifadə olunur. Bunu da tətbiq etməmişik».
Kompost soxulcanlara yem, sahibkara isə biohumus əldə etmə vasitəsi rolunu oynayır. Qurdlar həmin yemlə qidalanır, bədənindən keçirərkən onu fermentləşdirir. Soxulcanlar günaşırı, yaxud iki-üç gündə bir dəfə yemləndirilir. Onların saxlanıldığı quyuda da rütubəti təmin etmək tələb olunur.
Füzuli Yusifov deyir ki, hər dəfə nəsil artıranda, bir soxulcan 12 yumurta qoyur. Belində kəmər yaranandan sonra yenilər də törədiciyə çevrilir. Onlar 10-12 il yaşayır. Buna görə də artan qurdlar ya yeni quyulara köçürülür, ya da damazlıq olaraq kiməsə verilir. Kaliforniya soxulcanları yerli növlərdən iki dəfə fəal olduğuna görə biohumus istehsalında məhz onlardan istifadə edilir.
«BURUC POMİDORU»
Biohumusun 1 kiloqramı 35 qəpiyə satılır. Onu əsasən kiçik torpaq sahəsində tərəvəz yetişdirən fermerlər alır. Füzuli Yusifovun ailəsi bu işdən başqa, həyətyanı təsərrüfatlarında açıq hava və istixana şəraitində sağlam qida məhsulları da yetişdirirlər. Dediyinə görə, bəzi fermerlər onlardan həm tərəvəz şitilini, həm də peyini alır: «Artıq daimi müştərilərimiz yaranıb. Tərtər, Bərdə bazarlarında bizim məhsullar tanınır. Biohumusla yetişdirilən «Buruc pomidoru» yaxşı ad çıxarıb».
Azərbaycanda biohumus əsasən tərəvəzçilik və bağçılıqda istifadə olunur. Onun vasitəsilə yetişdirilən bitkilər tez inkişaf edir, daha tez bar gətirir və məhsulu bol olur. Ekspertlərin dediklərinə görə, 1 ton biohumus 15 ton mal peyininə bərabərdir. Bundan başqa, onun torpaqda bəzi xəstəliklərin inkişafına mane olduğu, bitkilərin şaxta və quraqlığa dözümünü artırdığı deyilir.
Ekspertlərin fikrincə, 1 hektara 6-7 ton biohumus verilməlidir. Bu da yerli qiymətlə 2 min manatdan çox vəsait tələb edir. Buna görə də taxıl, pambıq əkini aparılan sahələrə bu «möcüzəvi dərman»ın verilməyi iqtisadi cəhətdən sərfəli görünmür. Amma Füzuli Yusifov bitkilərin də biohumusdan fayda gördüyünü deyir: «Soxulcan peyini torpaqda təsirini bir neçə il saxlayır. Bitkilərin növbəli əkini aparıldığından, əvvəlki il peyin verilən sahələrdən növbəti ildə də yaxşı nəticə əldə olunur».
DÜNYA KİMYƏVİ PREPARATLARDAN İMTİNA EDİR...
Məhsuldarlığın artırılmasından ötrü müxtəlif zəhərli kimyəvi birləşmələrin külli miqdarda torpaqlara qatılması artıq öz acı nəticələrini verib. Dənli və paxlalı bitki sortlarından yüksək məhsuldarlığa nail olmaqla «yaşıl inqilab» etmiş Şərq ölkələrinin bir çoxunda torpaqlar həddən artıq çirklənməyə məruz qalıb. Avropada torpaqların kimyalaşdırılmasına ilk başlayan Almaniya elə birinci olaraq bu prosesin tam əleyhinə çıxıb. Hər cür kimyəvi preparatların kənd təsərrüfatına tətbiqindən imtina edib.
Mineral maddələrin, pestisidlərin normadan artıq tətbiq edilməsinin Azərbaycanda da kənd təsərrüfatı torpaqlarına ciddi zərər vurduğu deyilir.
Ekspertlər deyir ki, 2008-ci ildə qəbul edilən «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Qanun, hələ ki, bu sahədə ciddi dəyişiklik yaratmayıb. Mütəxəssislər bunun səbəbini təmiz məhsulların baha başa gəlməyi, ölkəyə ekoloji cəhətdən təmiz olmayan məhsulların gətirilməyi və maarifləndirmə işinin zəif aparılması ilə izah edirlər. Halbuki, belə üsullarla məhsulların istehsalı insan sağlamlığına təhlükələrin aradan qaldırılması, ətraf mühitin sağlamlaşdırılması və aqrar sektorda ixracın inkişafına təkan verə bilərdi.
Tərtərin Buruc kəndindəki «Soxulcan evi» bu sahədə bir yaxşı nümunədir. Amma, necə deyərlər, bir gül ilə bahar olmaz.