Şoyqu gözlənilmədən İrana gedib

Sergey Şoyqu və Məsud Pezeşkian

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də İran paytaxtı Tehrana gəlib. İran prezidenti qonağa müraciət edərək Qərb sanksiyalarına qarşı Rusiya ilə daha dərin əlaqələrin inkişaf etdiriləcəyinə söz verib.

Bu barədə "Reuters" İran dövlət mediasına istinadən məlumat yayıb.

"Mənim hökumətim iki ölkə arasında davam edən əməkdaşlığı və münasibətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərini ciddi şəkildə izləyəcək", — IRNA dövlət informasiya agentliyi İran prezidenti Məsud Pezeşkianın Rusiya Təhlükəsizlik Şurasının katibinə dediyi sözləri sitat gətirir.

Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşdən bir neçə gün sonra İran paytaxtına gəlib. "Reuters" vurğulayır ki, Rusiya Ukrayna ilə iki il yarımdan çox davam edən müharibədə ABŞ-yə düşmən olan sözügedən iki ölkə ilə əlaqələri inkişaf etdirməyə çalışır. Bu ölkələrin Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün ballistik raketlər verdiyi bildirilir. Amma İran Rusiyaya ballistik raketlərin göndərilməsini inkar edir. Moskvada isə deyirlər ki, İran bütün mümkün sahələrdə Rusiyanın tərəfdaşıdır.

Şoyqunun xarici səfərləri müharibənin kritik anına təsadüf edir, Kiyev Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə etməyə icazə almaq üçün ABŞ və onun müttəfiqlərinə təzyiq göstərir.

Rusiya prezidenti Vladimir Putin ötən həftə bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə versə, bu, NATO-nun Rusiya ilə birbaşa toqquşması olacaq və Moskva buna cavab verəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli "Nour" xəbər agentliyi Şoyqunun iranlı həmkarı Əli Əhmədian ilə görüşdüyünü bildirib. Bu görüşün təfərrüatları hələ açıqlanmayıb.

Rusiya dəfələrlə bəyan edib ki, strateji tərəfdaşlığı möhkəmləndirmək üçün İranla böyük sazişin imzalanmasına yaxındırlar.