Prezidenti tənqid edəndən sonra saxlanılmış fəal sərbəst buraxılıb

Polis

İyulun 12-də gecə saatlarında saxlanılan ictimai fəal Lətif Məmmədov sərbəst buraxılıb. Bu barədə "Turan"a Məmmədovun özü məlumat verib.

Fəalın sözlərinə görə, mülki geyimli şəxslər onu oğurlayıb aparıblar:

"Aldadıblar ki, başqa adamla səhv salıblar məni, maşına mindirib Nəsimi Rayon Polis İdarəsinə aparıblar".

Məmmədov bildirib ki, saxlanılmasının səbəbi "Meydan TV"-nin İlham Əliyevin Söyüdlü etirazları ilə bağlı dedikləri haqda paylaşımına yazdığı tənqidi şərh olub.

Fəal qeyd edib ki, polis idarəsində ona mənəvi təzyiq göstəriblər, sonra polisə müqavimət göstərdiyi barədə protokola qol çəkdirib 100 manat məbləğində cərimələyib buraxıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

***

Bundan əvvəl ictimai fəal Lətif Məmmədovun iyulun 12-də saxlanıldığı bildirilirdi.

Fəalın yaxınları "Turan"a bildirib ki, o, Prezident İlham Əliyevin Söyüdlü kəndindəki etirazlarla bağlı dediklərini sosial şəbəkədə kəskin tənqid edəndən sonra gecə saatlarında saxlanılıb. Onların sözlərinə görə, Məmmədov mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb və bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan heç bir xəbər yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Turan"a bildirib ki, Məmmədov daxil olmuş müraciət əsasında polis orqanına dəvət olunub, araşdırma aparılır.

Buna da bax: Prezident Əliyev Söyüdlü etirazlarından danışdı. 'Kiminsə nazı ilə oynayası deyilik'

Xatırlatma

İyulun 11-də ilk yarımilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə İ.Əliyev Gədəbəyin Söyüdlü kəndində baş verənləri "qəbuledilməz" adlandırıb. O, xalqın haqlı olaraq səsin ucaldığını, amma, eyni zamanda, polisə daş atmağına görə utanmaq gərəkdiyini bildirib.

Prezident qeyd edib ki, təkcə Azərbaycan polisi özünü ləyaqətlə aparıb və heç kəsə polisə ləkə vurmağa imkan verilməyəcək.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etiraz ediblər. Etirazlar zamanı polis müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir.