Gədəbəy rayonunun Söyüdlü kəndində su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Amma ərazidə qızıl mədəninin fəaliyyətinin bərpa ediləcəyi gözlənir.
Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.
Sentyabrın 26-da Azərbaycan Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən bildirildiyinə görə, iclasda Böyük Britaniyanın "Micon International Co Limited" şirkətinin ərazidə apardığı monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.
"...Su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib. İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb...", - məlumatda vurğulanır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Açıqlamaya görə, torpaq nümunələrində isə bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub: "Müəssisənin 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir".
Habelə bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqlar köhnə olduğundan istismar, ekoloji, sosial və təhlükəsizlik istiqamətlərində investisiya yatırımı tələb olunur. "..."Azərbaycan Beynəlxalq Mədən Şirkəti" tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər".
Xatırlatma
Bu il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazlardan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).
İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.
Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini söyləyib.
Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.