Stefan Schennach Azərbaycanda görüşləri davam etdirir

Stefan Schennach, Bakı, İyul 2019

Azərbaycanda səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçi Stefan Schennach iyulun 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı ilə görüşüb.

Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, məruzəçinin təşəbbüsü ilə keçirilmiş görüşdə ölkədəki siyasi vəziyyət, siyasi məhbuslar problemi və sərbəst toplaşma hüququna riayət olunub-olunmaması müzakirə olunub. “Cənab Schennch “Nardaran işi” ilə xüsusi maraqlandı. Mən isə öz növbədə məndə olan məlumatı ona verdim”, - Qəhrəmanlı bildirib.

Xatırlatma

2015-ci ilin noyabrın 26-da Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirib. Nəticədə 2 polis və 4 qəsəbə sakini qətlə yetirilib, 18 nəfər isə həbs olunub. Məhkəmə qərarı ilə onlar Cinayət Məcəlləsinin 21 maddəsi üzrə təqsirli bilinərək 12 ildən 20 ilədək azadlıqdan məhrum olunublar. Hüquq müdafiəçiləri “Nardaran işi” ilə bağlı həbs olunan şəxsləri siyasi məhbus kimi tanıyıb.

AXCP sədr müavini Fuad Qəhrəmanlı da “Nardaran işi” üzrə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 2019-cu ilin martında imzalanmış əfv sərəncamı ilə Fuad Qəhrəmanlı azadlığa buraxılıb.

--

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach Bakıda səfərdədir. Həmməruzəçi həbsdə olan ictimai-siyasi fəallarla da görüşməyə çalışır. Bu barədə AzadlıqRadiosu-na açıqlamasında bildirib:

Bu səfər Azərbaycanda monitorinq aparmaq, faktları araşdırmaq məqsədilə həyata keçirilir. Yəni, faktaraşdırıcı missiya formasında. Artıq beş ildir ki, Azərbaycanda bu işi görürəm. Monitorinq əsasən demokratiya, insan haqları, qanunun aliliyi sahələrində aparılsa da, məqsədimiz eyni zamanda, ölkənin başqa sahələrdə də necə inkişaf etdiyini araşdırmaqdır. Sosial, təhsil, iqtisadiyyat... - cəmiyyətin bu sahələrdə də durumunu araşdırmaq, faktları toplamağa çalışırıq.

– Bu beş ildə müşahidəniz nə deyir, ölkə özəlliklə demokratiya, insan haqları, qanunun aliliyi sahəsində irəli gedib, yoxsa geriləyib?

– Qanunun aliliyi sahəsində “dağda çatmalı olduğunuz” məsafə hələ ki, olduğu kimi, eyni ölçüdə qalıb. Cəza məsələsində humanistləşmə ilə bağlı ciddi təşəbbüslər, qanunvericiliyə dəyişikliklər oldu. Biz bu təşəbbüslərin hansı nəticələr verəcəyini yaxından izləyəcəyik. Söhbət hansısa dəyişikliyə “mənfi iki”, yaxud “müsbət beş qiyməti verilməsindən getmir. Bu dəyişikliklərin gələcəkdə müsbət effekt verib-verməyəcəyinə baxacağıq. Bu sahədə əvvəl də xeyli müzakirələr aparmışıq, tövsiyələrimizi vermişik. Tövsiyələrimizdən biri də Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması idi. Respublikanın prezidenti də fərmanında bunu tələb kimi qoydu. Baxacağıq ki, bu tələb qanunvericilikdə necə reallaşacaq. Müəyyən cəzalar həbslə müşahidə olunacaq, yoxsa qeyri-həbs sanksiyaları tətbiq olunacaq – bunları gələcəkdə mütləq izləyəcəyik. Yəni bu fərmandan irəli gələrək, ayrıca bir sistem kimi yuvenal ədliyyə sisteminin yaradılması gözlənilir.

– Azərbaycanla bağlı hesabatın AŞPA-nın plenar iclasında müzakirəsi nə vaxta nəzərdə tutulub?

– Bu səfərin hesabatı sentyabrda Parisdə, oktyabrda Strasburqda təqdim olunacaq. Amma plenar iclasa çıxarılan böyük hesabat adətən 2-3 ildən bir olur. Azərbaycanla bağlı növbəti hesabat da güman ki, 2020-ci ildə ola bilər. Biz ətraflı məlumat toplamaq üçün səfər zamanı təkcə Prezident Administrasiyası, nazirlərlə, yəni hakimiyyətlə görüşlərlə kifayətlənmirik. Eyni zamanda, vətəndaş cəmiyyəti, jurnalistlər, hətta parlamentdə olmayan müxalif siyasi partiyalarla da görüşlər keçiririk. Çalışırıq həbs yerlərində saxlanılan şəxslərlə də görüşək.

"Yekun hesabatda Azərbaycanla Avropa Şurası arasındakı "laundromat" (Azərbaycandan milyardlarla vəsaitin çıxarılaraq xaricdə lobbiçilik işinə xərcləndiyini üzə çıxaran araşdırma – red.) qalmaqalıyla bağlı araşdırma da əksini tapacaqmı?

– Böyük hesabatda bütün məsələlər əksini tapacaq. Biz heç nəyə gözümüzü yummuruq.

Buna da bax: Azərbaycan Avropa Şurasından çıxarılır, ya özü çıxır? [Video]

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan hüquqları, demokratik seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Öhdəliklərin monitorinqi hələ də davam edir.

2017-ci ildə OCCRP – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin yaydığı «Azərbaycanın pulyuyan maşını» adlı silsilə araşdırmalarda iddia olunur ki, Azərbaycan hakimiyyəti bəzi siyasətçiləri pulla ələ alıb. Prezident Administrasiyasının rəsmiləri bu ittihamları rədd edib, bu iddiaları qərəzli, Azərbaycanı sevməyənlərin böhtanı adlandırıblar.