NATO Rusiyanın INF müqaviləsinə hələ də əməl etmədiyini bildirir

NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun baş katibi deyib ki, Rusiyanın Soyuq müharibə illərində bağlanmış silahlara nəzarət müqaviləsinə əməl etməsinin heç bir əlamətləri görünmür. ABŞ və onun Avropadakı müttəfiqləri Moskvanı qısa adı INF olan müqavilənin şərtlərini pozmaqda ittiham edirlər.

Moskva 1987-ci il müqaviləsinin şərtlərini pozan raketlər istehsal etdiyinə dair Qərbin iddialarını dəfələrlə rədd edib.

Bu ilin əvvəllərində Birləşmiş Ştatlar əgər Rusiya INF-nin şərtlərini pozmaqda davam edərsə, sözü gedən müqavilədən avqustun 2-dək çıxacağını bildirib.

İyulun 5-də rusiyalı diplomatlarla söhbətindən sonra NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Moskvanın sazişin şərtlərinə əməl etmək istəyi görünmür.

1987-ci ildə ABŞ və ovaxtkı SSRİ arasında bağlanmış Ortamənzilli Raketlərin Ləğvinə dair Müqavilə bütün Avropa qitəsində bu tipdən olan raketlərin yığışdırılması ilə nəticələnmişdi.

Ortamənzilli raketlərin təhlükəsi onların qısa müddətdə hədəfi vurmaq qabiliyyəti ilə bağlıdır.

Buna da bax: NATO Rusiyanı yeni raketlərini ləğv etməyə çağırır

Stoltenberg deyib ki, Rusiya bu müqavilənin şərtlərini “ciddi” şəkildə pozur və buna sərt reaksiya verilməlidir.

NATO-nun rəhbəri deyib ki, INF-nin bu şəkildə rahatlıqla pozulması, silahlara nəzarət üzrə başqa müqavilələrin də mövcudluğuna təhlükə yaradır.

Bu həftənin əvvəllərində Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin bu müqavilədə iştirakına son qoyan qanunvericilik aktını imzalayıb.

Stoltenberg-lə danışqılardan sonra Rusiya bəyan edib ki, əgər Birləşmiş Ştatlar Avropada ortamənzilli raketləri yerləşdirməsələr, Moskva da bunu etməyəcək.