NATO Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırır

NATO-nun baş katibi Jens Stoltenberg Odessada şimal alyansı gəmilərinin fonunda

NATO-nun baş katibi Jens Stoltenberg şərqi Ukraynadakı cəbhə xəttindən Ukrayna qoşunlarının və Rusiya tərəfindən dəstəklənən separatçıların geri çəkilməsini alqışlayıb, amma Moskvanı “özünün buradakı bütün qoşunlarını Ukraynadan çıxarmağa” çağırıb.

Stoltenberg oktyabrın 30-da Ukraynanın Odessa şəhərində deyib:

"Biz gərginliyi azaldan bütün səyləri alqışlayırıq. Amma irəlidə gediləcək uzun yol dayanır, çünki atəşkəs hələ də pozulur. NATO açıq şəkildə bildirir ki, Rusiyanın bütün əsgər və zabitlərini şərqi Ukraynadan çıxarmaq kimi xüsusi bir məsuliyyəti var”.

Stoltenberg-in bu bəyanatından bir gün əvvəl Ukraynanın hökumət qoşunları və rusiyayönlü separatçılar şərqi Ukraynadakı Luhansk vilayətinin Zolote şəhərində cəbhə xəttindən çəkilmək prosesinə başlayıblar.

Ukrayna silahlı qüvvələri Rusiyanın dəstəklədiyi separatçılara qarşı 2014-cü ilin aprelindən vuruşur.

Bu münaqişədə indiyədək 13 min insan həlak olub.

Buna da bax: Ukrayna Zolotedən hərbçilərini çıxarır

Bu ayın əvvəllərində əldə edilmiş razılaşmaya əsasən tərəflər Zolote və yaxınlıqdakı Petrivske məntəqələrindəki mövqelərindən çəkilməyə başlayıblar.

Ukraynanın xarici işlər naziri Vadym Prystayko oktyabrın 29-da ümid etdiyini bildirib ki, Ukrayna prezidenti Volodymyr Zelenskiy gələn ay rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək, Fransa və Almaniya liderlərinin vasitəçiyliyi ilə danışıqlara başlayacaq.

Putinin köməkçisi Vladislav Surkov da qüvvələrin geri çəkilməsini alqışlayıb. O TASS agentliyinə deyib:

"Əgər bu əməliyyat Zolotedə baş tutsa, Petrivskedə də eyni proseduru dərhal həyata keçirmək lazımdır. Yalnız bundan sonra Normand Kvartetinin daha bir sammitinə hazırlaşmaq olar”.

Stoltenberg və NATO-nun ali orqanı Şimali Atlantika Şurasına daxil səfirlər oktyabrın 30-da Odessaya ikigünlük səfərə gəliblər və Qara dənizdə patrul keşiyində olan və Bolqarıstan, İtaliya, Rumıniya və İspaniyaya məxsus dörd hərbi gəmiyə baş çəkiblər.

Ukrayna baş nazirinin müavini Dmytro Kuleba ilə görüşündə Stoltenberg Ukraynada, müdafiə və təhlükəsizlik də daxil, gedən islahatlara NATO-nun dəstəyini ifadə edib:

“Bizim bugünkü səfərimiz belə bir aydın mesaj göndərir ki, NATO Ukrayna ilə həmrəydir”.