NATO-nun baş katibi Yens Stoltenberq bu həftəsonu Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan və başqa rəsmilərlə danışıqlar aparacaq.
Associated Press yazır ki, bu səfərdən məqsəd İsveçin NATO üzvlüyünə Türkiyə tərəfindən qoyulmuş vetonun qaldırılmasına nail olmaqdır.
Son günlərdə Vaşinqton da Ankara üzərinə təzyiqlərini artırıb.
NATO baş qərargahının iyunun 2-də açıqlanmış bəyanatında deyilir ki, Stoltenberq Ərdoğanın yeni prezidentlik müddətinin inaqurasiyasında iştirak edəcək.
Türkiyədə bazar günü keçiriləcək danışıqlarda Norveç baş nazirinin də iştirak edəcəyi bildirilir. Danışıqların detalları açıqlanmır.
AP yazır ki, NATO alyansın iyulun 11-12-də Litvada keçiriləcək sammitində İsveçin üzvlüyə qəbul olunmasına can atır.
İsveçin NATO üzvlüyünə Türkiyə və Macarıstan müqavimət göstərirlər. Bu iki ölkə habelə Finlandiyanın üzvlüyü ilə bağlı irad bildirmişdi, lakin sonradan Helsinkinin protokollarını ratifikasiya etdilər. Finlandiya aprel ayında NATO-nun 31-ci üzvü oldu.
Təşkilatın Nizamnaməsinə görə hər hansı ölkənin alyansa qəbulu üçün 31 üzvün hamısının razılığı tələb olunur.
Buna da bax: İsveç terror qanununu dəyişir və Türkiyənin icazəsinə ümid edirStoltenberqin mesajı
Türkiyə hökuməti İsveçi “terrorçu təşkilatlara”, özəlliklə də Kürdüstan İşçi Partiyası – PKK-nın üzvlərinə və 2016-cı il çevriliş cəhdi ilə bağlı olan şəxslərə himayə göstərməkdə ittiham edir.
Stokholm Ankaranın narazılığını aradan qaldırmaq üçün bu həftə ölkənin “antiterror qanununu” sərtləşdirib.
Bunu mayın 31-də İsveçin xarici işlər naziri Tobias Billström demişdi.
İsveçin mövcud qanunvericiliyi həqiqətən də terrorçu hesab edilən təşkilata üzv olan şəxslərə sığınacaq verilməsini qadağan etmir.
Nazirin sözlərinə görə yeni qanunda bu çatışmazlıq aradan qaldırılacaq. Yeni qanun terrorçu sayılan təşkilatların yığıncaqlar keçirməsini, onun üzvlərinin himayə edilməsini və onlara hətta ərzaq yardımı göstərilməsini qadağan edəcək.
Yens Stoltenberq Ankaranı bu kimi addımları nəzərə almağa çağırıb:
“Mənim mesajım budur ki, İsveç vədinə əməl edib və onun protokolunu ratifikasiya etməyin vaxtıdır”.
İyunun 1-də Osloda iyul sammitinə hazırlıq üçün NATO xarici işlər nazirlərinin görüşü keçirilib.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu həmin toplantıya qatılmamışdı.